Azərbaycan, Türkiyə və Gürcüstan üçlüyü güclənir

Üç ölkənin əməkdaşlığı regionda ən uyğun və faydalı formatdır

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır. Bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib. Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub. “Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. 

Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əmədakşlıq formatının nəticəsi olacaq, lakin bizim format paralel olaraq fəaliyyətini davam etdirəcək”. N.Samxaradze deyib ki, xarici əlaqələr komitələrinin rəhbərlərinin növbəti ilk toplantısının gələn ilin yazında Gürcüstanda keçirilməsi planlaşdırılıb. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə deyib ki, postmüharibə dövründə qarşıda duran vəzifələrdən biri də regional əməkdaşlığın gücləndirilməsidir. Deputat vurğulayıb ki, bölgədə üçlü, dördlü və beşli formatda əməkdaşlıqlar gündəmdədir: 

“Ən uyğun və faydalı əməkdaşlıq formatlarından biri Azərbaycan, Türkiyə və Gürcüstan üçlüyüdür. Üç ölkənin birgə əməkdaşlığı baxımından üçlü formatın müxtəlif sahələr üzrə genişlənməsi olduqca önəmlidir. Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox uğurlu xarici siyasət həyata keçirir. Xarici siyasət özünü parlament diplomatiyasında da açıq şəkildə göstərir. Azərbaycanın Milli Məclisi aktiv diplomatik fəaliyyət icra edir. Bir çox ölkələrin parlamentləri ilə sıx, məqsədyönlü, ardıcıl əməkdaşlıq həyata keçirilir. Qardaş Türkiyə ilə münasibətlərimiz ən yüksək səviyyədədir. Qonşu Gürcüstanla əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi olduqca vacibdir. O baxımdan Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyasının yaradılması üçtərəfli münasibətlərin inkişafına ciddi və müsbət töhfəsini mütləq verəcək. Bu təşəbbüs Tbilisi ilə ikili əlaqələrin də güclənməsini təmin edəcək”.