Azərbaycanda kazinoların yenidən bərpası məqsədəuyğundur - İqtisadçı-ekspert

Əyləncə və azart oyunları turizmi ölkəyə əlavə turist axını və maliyyə gətirə bilər
Son vaxtlarda Azərbaycanda turist axınını daha da artırmaq üçün kazinoların yenidən bərpa olunması təklif olunur. Bu məsələ həm iqtisadi baxımdan ölkəyə valyuta axınının artırılması, həm də yeni iş yerlərinin yaradılması kimi təqdim edilsə də, sosial, etik və hüquqi müstəvidə bir sıra ciddi suallar doğurur.
Ekspertlərin fikrincə, qonşu ölkələrdə (Gürcüstan, Rusiya, Türkiyə) kazinoların mövcudluğu xarici turistləri cəlb edir. Azərbaycan da bu sahəyə daxil olsa, müəyyən turizm seqmenti cəlb oluna bilər. Yəni nəzarət olunan kazinolar iqtisadiyyat üçün əlavə vergi gəliri və məşğulluq imkanları yarada bilər. Sözsüz ki, kazinoların fəaliyyətə başlaması bir sıra riskləri də özü ilə gətirə bilər. Bu səbəbdən, kazinoların fəaliyyətinə icazə verilməsi qərarı qəbul olunarkən, ciddi nəzarət mexanizmləri və hüquqi çərçivələr müəyyənləşdirilməlidir.
Bəs, bu təklif günümüzdə nə vəd edir?
Əvvəla onu deyək ki, bu məsələ zaman-zaman Milli Məclisdə də gündəmə gətirilib, deputatlar tərəfindən fərqli-fərqli təkliflər irəli sürülüb. Millət vəkili Razi Nurullayev bildirib ki, kazinoların fəaliyyətinə məhdudiyyətlər daxilində icazə verilməsi turizmin inkişafına töhfə verə bilər. O, kazinoların Bakıdan kənarda, məsələn, Kürdəmir kimi bölgələrdə yerləşdirilməsini və bu ərazilərin turizm mərkəzinə çevrilməsini təklif edir. Bu yanaşma, həm regionların inkişafına, həm də turistlərin cəlb olunmasına xidmət edə bilər. 
Deputat Qüdrət Həsənquliyev isə təklif edir ki, kazinoların Qarabağ və Zəngəzur bölgələrində, eləcə də Nargin adasında açılmasına icazə verilsin. Bu, həm turizm axınının artırılmasına, həm də regionların iqtisadi inkişafına xidmət edə bilər. 
İqtisadçı-ekspert Xalid Kərimli də Azərbaycanda kazinoların yenidən fəaliyyətə başlamasını turizmin inkişafı və iqtisadi baxımdan məqsədəuyğun hesab edir. O, “Sherg.az”a bildirib ki, əyləncə və azart oyunları turizmi ölkəyə əlavə turist axını və maliyyə gətirə bilər. Ekspertin sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi və turizm potensialı bu sahənin inkişafına imkan verir. O, xüsusilə Qarabağ bölgəsində turizm infrastrukturunun yaradılmasının əhəmiyyətini vurğulayaraq, bu ərazilərdə müxtəlif ulduzlu hotel və hostel komplekslərinin qurulmasının turizm sektoruna müsbət təsir göstərəcəyini qeyd edib. Kazinoların olmasını vacib hesab edən ekspert vurğulayıb ki, insanlar əylənmək istəyir: 
“Bunun üçün vətəndaşlarımız Gürcüstana, Rusiyaya, İsveçrəyə üz tutur. Bu da ölkədən ciddi şəkildə turist və maliyyə axını deməkdir. Mən bu fəaliyyətin tam bərpasının tərəfdarıyam. Hazırda ölkədə müxtəlif lotoreya oyunları rəsmi şəkildə təşkil edilir, bu lotoreya oyunları “azart” oyunlarının bir növüdür. Eyni zamanda turizm sektorunu inkişaf etdirmək üçün mütləq şəkildə azadlıqları bərpa etməliyik. Bir növ turistlər istirahət və əyləncə üçün yerlər seçərkən azadlıqların verildiyi məkanlara daha çox üstünlük verir. Kazinoların bərpası ölkənin turizm, əyləncə, ictimai-iaşə sektoruna çox müsbət təsir edəcək. Düşünürəm ki, bu sahənin leqallaşması həm ölkədən turist axınının qarşısını almaq, həm də ölkəyə turist axınını artırmaq baxımından olduqca vacibdir”.
Bundan əlavə, Xalid Kərimli qeyd edib ki, Azərbaycanın turizm sektorunun inkişafı üçün xidmət sahəsində fəaliyyətlərin təkmilləşdirilməsi və qiymətlərin aşağı salınması vacibdir. O, xidmət sahəsində çalışan şəxslərin dil biliklərinin artırılmasının da önəmini vurğulayıb.