Türkiyədə keçmiş deputat Həsən Gülayın Türkiyə Böyük Millət Məclisində keçirilən dəfn mərasimində Özgür Özəl ilə Kamal Kılıçdaroğlunun salamlaşması diqqət çəkib.
Sherg.az xəbər verir ki, “Milliyet” nəşrinin Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, CHP sədri Özgür Özəlin Kılıçdaroğlu ilə əl verib salamlaşarkən onun üzünə baxmaması kameraların obyektivinə düşüb.

80 yaşlı Həsən Gülay yaşla əlaqədar səhhətində yaranan problemlər səbəbindən vəfat edib. Onun üçün TBMM-də təşkil olunan vida mərasimində ailə üzvləri və yaxınları ilə yanaşı, Özgür Özəl, Kamal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının (MHP) qrup sədr müavini Erkan Akçay, Türkiyə parlamentinin keçmiş sədri Bülent Arınç, deputatlar və parlament əməkdaşları iştirak ediblər.
Mərasimə əvvəlcə Özgür Özəl gəlib. Daha sonra tədbirə qatılan Kamal Kılıçdaroğlu mərhumun ailəsinə başsağlığı verdikdən sonra Özəllə əl sıxıb. Həmin anlarda Özəlin Kılıçdaroğlunun üzünə baxmadan onunla salamlaşması diqqətdən yayınmayıb.

Həsən Gülayın həyat yolu barədə məlumat oxunduqdan sonra mərasimdə bir dəqiqəlik sükut elan edilib və dua oxunub. Mərhumun ailəsi və yaxınları iştirakçıların başsağlığı qəbul ediblər.
Gülayın cənazəsinin günorta namazından sonra Gölbaşı qəbiristanlığı məscidindən götürülərək eyniadlı qəbiristanlıqda dəfn olunacağı bildirilib.