- “TƏBİB öz üzərinə düşən vəzifəni yerinə yetirib”
- “Bütün məsələlər uğurla həyata keçiriləcək”
Prezident İlham Əliyev TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi barədə fərman imzalayıb. Prezident İlham Əliyevin “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə həyata keçirilən dəyişiklik səhiyyə siyasətinin müəyyənləşdirilməsi və onun icrası arasında əlaqələrin gücləndirilməsinə imkan yaradır.
Yeni mərhələdə əsas məsələ qurumların tabeliyinin dəyişdirilməsi ilə məhdudlaşmır. Başlıca hədəf idarəetmədə səmərəliliyi artırmaq, dövlət tibb müəssisələrinin fəaliyyətini əlaqələndirmək və vətəndaşların tibbi xidmətlərdən məmnunluğunu yüksəltməkdir.
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsini səhiyyə sistemində idarəetmənin mərkəzləşdirilməsi və vahid modelin formalaşdırılması baxımından müsbət dəyərləndirilib. İctimaiyyət nümayəndələri hesab edir ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi təkcə struktur dəyişikliyi deyil, həm də dövlət tibb müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili, idarəetmədə vahid yanaşmanın formalaşdırılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Xatırladaq ki, TƏBİB-in yaradılması icbari tibbi sığortanın tətbiqi prosesində dövlət tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmlərinə uyğunlaşdırılması baxımından mühüm rol oynayıb. Həmin mərhələdə xəstəxanaların idarə olunması, maliyyə resurslarının bölüşdürülməsi və tibbi xidmətlərin təşkili üzrə yeni yanaşmaların tətbiqinə ehtiyac var idi.
Hazırkı mərhələdə isə əsas məqsəd səhiyyə sisteminin ayrı-ayrı komponentləri arasında koordinasiyanı gücləndirmək, qərarların icrasında ardıcıllığı təmin etmək və idarəetmənin ümumi nəticələrini yaxşılaşdıracaq, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi dövlət səhiyyə siyasəti ilə onun praktiki icrası arasında əlaqələrin daha səmərəli qurulmasına şərait yaradacaqdır.
Sözsüz ki, Səhiyyə idarəçiliyində aparılan dəyişikliklərin real nəticəsi ilk növbədə vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətində hiss olunmalıdır. Xəstəxanaların fəaliyyətinin daha düzgün əlaqələndirilməsi, mövcud resurslardan səmərəli istifadə və tibbi xidmətlərə əlçatanlığın artırılması islahatların əsas nəticə göstəricilərinə çevrilməlidir.
Dövlət tibb müəssisələrində vahid keyfiyyət meyarlarının tətbiqi, fəaliyyət nəticələrinin obyektiv qiymətləndirilməsi, təkrarlanan funksiyaların aradan qaldırılması və bürokratik prosedurların sadələşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, məsuliyyət və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi problemlərin vaxtında aşkarlanmasına və onların həlli üçün təsirli addımların atılmasına imkan verə bilər.
Digər mühüm istiqamət rəqəmsal sistemlərin inteqrasiyası və məlumat mübadiləsinin sürətləndirilməsidir. Müasir texnologiyaların tətbiqi səhiyyə müəssisələrinin fəaliyyətini daha çevik təşkil etməyə, idarəetmə proseslərində şəffaflığı artırmağa və qərarların daha dolğun məlumatlar əsasında qəbuluna kömək edə bilər. Bununla yanaşı, tibbi kadrların hazırlanması və peşəkar inkişafının sistemin real ehtiyaclarına uyğunlaşdırılması da diqqətdə saxlanılmalıdır.
Səhiyyə sistemində struktur islahatlarının uğuru yalnız idarəetmə modelinin dəyişməsi ilə ölçülə bilməz. Əsas meyar vətəndaşların daha keyfiyyətli və əlçatan tibbi xidmət alması, xəstəxanalarda xidmətin təşkili ilə bağlı problemlərin azalması və dövlət səhiyyəsinə ictimai etimadın güclənməsidir. Bu baxımdan, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi idarəetmədə vahid yanaşmanın formalaşdırılması üçün imkan yaradır. Lakin həmin imkanların real nəticəyə çevrilməsi qərarların necə icra olunmasından, qurumlar arasında səlahiyyət bölgüsünün nə dərəcədə aydın müəyyənləşdirilməsindən və fəaliyyətin konkret nəticələr əsasında qiymətləndirilməsindən asılı olacaq. Bu dəyişiklik vətəndaşın gündəlik həyatında hiss olunarsa, tibbi xidmətin keyfiyyəti yüksələr, xidmətlərə çıxış asanlaşar. 
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərmanın əhəmiyyətini vurğulayıb. Deputat bildirib ki, Prezident İlham Əliyevin səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərman əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və tibbi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm imkanlar yaradır.
Deputatın sözlərinə görə, TƏBİB səhiyyə sistemində islahatların ilkin mərhələsində, xüsusilə icbari tibbi sığortaya keçid prosesinin daha çevik təşkili məqsədilə yaradılmış koordinasiya mexanizmi kimi mühüm rol oynayıb:
“Artıq bu mərhələnin başa çatdığını nəzərə alsaq, səhiyyə sistemində vahid və mərkəzləşdirilmiş idarəetmə modelinə keçid zərurəti yaranmışdı. TƏBİB öz üzərinə düşən vəzifəni yerinə yetirib. İndi isə vahid mərkəzləşdirilmiş rəhbərliyin idarəetməsinin tam vaxtı idi və bu da Dövlət Başçımız tərəfindən həll edildi. TƏBİB icbari tibbi sığortaya keçid dövrünün daha çevik idarəedikməsində koordinasiyaedici mexanizm idi. Artıq 7-8 ildir ki, ölkədə icbari tibbi sığorta tətbiq edilir və keçid mərhələ yekunlaşıbdır. Prezidentin imzaladığı Fərman səhiyyə sahəsində idarəetmənin növbəti mərhələyə keçidini təmin edir. Əminik ki, imzalanmış bu Fərmanda əks olunmuş bütün məsələlər uğurla həyata keçiriləcəkdir".
Deputat, həmçinin yeni təyin olunmuş səhiyyə nazirini təbrik edərək, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.