Bakı anti-terror əməliyyatı qərarı veribsə, ruslar qarşısını ala bilməyəcək - AKTUAL

"Qarabağda mümkün antiterror əməliyyatı öncəsi Rusiya öz oyununu oynamağa başlayıb. “Ria Novosti”nin ABŞ-nin Qarabağdakı separatçılara “reinteqrasiya görüşlərindən imtina ediləcəksə, Bakı antiterror əməliyyatına başlayacaq” xəbərdarlığına dair tirajladığı informasiya Moskvanın prosesi idarə etmək gedişi olaraq görünür".

Sherg.az xəbər verir ki, bu haqda siyasi şərhçi Asif Nərimanlı bildirib. Ekspert qeyd edir ki, Rusiya ABŞ-ı ittiham edir, o cümlədən, “günah keçisi” olaraq separatçıların qondarma “xarici işlər naziri” Kazaryanı göstərir:

 "Reinteqrasiya və bunun ABŞ vasitəçiliyi ilə həyata keçirilməsi Moskvanın Qarabağdakı maraqlarına ciddi zərbədir, bu baxımdan, informasiya təxribatlarla prosesi baltalayır. Lakin başqa məqam da diqqətdən yayınmamalıdır: ABŞ xəbərdarlıq etsə belə, separatçıların reinteqrasiya prosesinə razılaşacaqları çətin görünür və mövcud vəziyyətdə, xüsusilə son təxribalar fonunda antiterror əməliyyatı daha aktual görünür; Bakı anti-terror əməliyyatı keçirmək qərarı veribsə, rusların bu cür təxribatları bunun qarşısını ala bilməyəcək.
Bu baxımdan, rusların informasiya təxribatı daha çox özünü “sığortalamağa” bənzəyir. Mümkün antiterror əməliyyatında “Bakını buna sövq edən Vaşinqtondur” deyə bilmək üçün istinad nöqtələri yaradırlar".