Bazarda arzuolunmaz meyvə-tərəvəzlər var və əhali ehtiyatlı olmalıdır - Eyyub Hüseynov

  • Obyektiv, ciddi və vətəndaşlara xidmət edən ictimai nəzarət formalaşdırılmalıdır

Pomidor və xiyarla bağlı vətəndaşlara kritik xəbərdarlıq edilib. Mütəxəssislər dərmanlı pomidor və xiyarları ayırd etməyin yollarını açıqlayıblar. Kimyəvi təsirlərə məruz qalan pomidor və xiyarların sağlamlıq üçün çox zərərli olduğunu qeyd edən mütəxəssislər əhaliyə çağırış ediblər. Pomidorun dərmanlı olub-olmadığını anlamaq əslində çox sadədir.

Pomidorun qabığının çox süni göründüyünü düşünürsünüzsə və adi gözlə ağ cizgiləri hiss edirsinizsə, bu qidada azot birləşmələrinin miqdarı yüksək ola bilər. Tərkibindəki su və pulpa sayəsində sağlamlıq üçün çox faydalı olan xiyar da yetişdirilmə üsullarına görə fərqlənir. Tərkibində toxum olmayan yumşaq xiyarlar sağlamlıq üçün təhlükə yarada bilər. Qida mütəxəssislərinin sözlərinə görə, pestisidlər və digər kənd təsərrüfatı zəhərləri ilə yetişdirilən məhsullar müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu kimyəvi maddələr, o cümlədən xərçəng də daxil olmaqla, bir çox xəstəliklərə yol aça bilər və sağlamlıq üçün olduqca təhlükəlidir. Pomidorun əsas mövsümü sentyabr ayıdır. Hər mövsümdə süni şəkildə bazara çıxarılan tərəvəzlər təhlükə yarada bilər. Ümumiyyətlə, mövsümündən əvvəl meyvə-tərəvəzlərin istehlak edilməməsi məsləhət görülür.

Vətəndaşlara xəbərdarlıq edilməsi müsbət haldır, əlbəttə. Amma bazarlar, mağazalar və marketlər üstü qırmızı, içi ağ pomidorlar, toxumsuz və yumşaq xiyarlarla doludur. Bəs bunları hansısa orqan və ya qurum yoxlamalı deyilmi? Ziyanlıdırsa, satışına niyə icazə verilir? Yeri gəlmişkən, Avropa Türkiyədən idxal etdiyi bəzi pomidorları tərkibində kimyəvi maddələrin normadan artıq olması səbəbindən geri qaytarıb. Bizdəki bolluğun səbəbi geri qaytarılan həmin pomidorlardırmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti təşkilatlanmadıqca, müstəqil yoxlamalar və monitorinqlər aparılmadıqca, qrant arxasınca sürünüb müstəqil fəaliyyət göstərilmədikcə vəziyyət belə də davam edəcək:

- Rusiyada istehlakçı hüquqlarını qoruyan 150-yə yaxın təşkilat var. Bizdə isə yalnız AİB fəaliyyət göstərir. Qida Təhlükəsizliyi Agentliyi üzərinə o qədər səlahiyyət götürüb ki, artıq onların öhdəsindən gəlməkdə çətinlik çəkir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da əmtəə bazarında arzuolunmaz mal və məhsullar mövcuddur. İllərlə xüsusi cihaz vasitəsilə qarpızların, yemişlərin və digər bostan bitkilərinin tərkibindəki nitratın miqdarını yoxlayırdıq və bu göstəricilər çox yüksək olurdu. Həmin yoxlamaların nəticəsində son illərdə azalmanın şahidi oluruq. Həm gübrələr bahalaşıb, həm də AQTA-nın müəyyən fəaliyyəti nitratın azalmasına səbəb olub. Amma təhlükə hələ də qalmaqdadır. Bostan bitkilərinin tərkibindəki pestisidlərin miqdarını ölçəcək cihazımız yoxdur. Dörd il əvvəl cənub bölgəsində çiyələk yetişdirilən plantasiyada olmuşdum və gördüm ki, 36 növ kimyəvi dərmandan istifadə olunur. Bütün bunlar orqanizmdə öz izini qoyur. İstehlakçılara məsləhət görürəm ki, bu məhsulları az miqdarda istehlak etsinlər. Çoxsaylı təşkilatlar olmalıdır ki, dövlətə və cəmiyyətə kömək etsinlər. Meyvə-tərəvəz satılan mağazalarda nitrat ölçən cihazlar olmalıdır. Bazarda arzuolunmaz meyvə-tərəvəzlər var və əhali ehtiyatlı olmalıdır. Obyektiv, ciddi və vətəndaşlara xidmət edən ictimai nəzarət formalaşdırılmalıdır.