BMT-də böyük qələbə
Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası rəsmi sənəd kimi tanınıb və yayılıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi tanıyıb və yayıb. İcmanın sözçüsü Ülviyyə Zülfüqar bildirib ki, Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsini, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edir. Vurğulanıb ki, Konsepsiya BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Ülviyyə Zülfüqar qeyd edib ki, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtmasına yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır. Bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir. Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir: "Bu uğur bizi sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərimizə geri qayıtmaq istiqamətində apardığımız fəaliyyəti davam etdirməyə daha da ruhlandırır”.
Xatırladaq ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət göstərir. Qərbi Azərbaycan İcmasının sözçüsü bildirib ki, İcma Aİ Şurasının Prezidentindən və AŞ PA-dan cavab gözləyir: “Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, eləcə də bununla bağlı monitorinqlər aparılmasına çağırıb. Qərbi azərbaycanlıların qayıdışı insan hüquqları məsələsidir və həmin insan hüquqları ilə bağlı sözügedən beynəlxalq təşkilatların hər birinin nizamnamələrində bəndlər və öhdəlikləri var. Bu baxımdan həmin qurumlar yüz minlərlə qərbi azərbaycanlının hüququnun təmin olunması ilə bağlı olan müraciətimizə cavab verməli, bu müraciəti görməzdən gəlməməlidir”. Ü.Zülfüqar vurğulayıb ki, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar öz torpaqlarına geri qayıtmalıdır: “Deportasiya insanlıq əleyhinə cinayətdir. Fundamental insan haqları pozulan yüz minlərlə soydaşımızın öz evlərinə, doğulduğu torpaqlara qayıtmaq onların təməl insan hüquqlarıdır”.
Konsepsiyanın BMT tərəfindən tanınmasına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə "Şərq"ə açıqlamasında bunun kifayət qədər böyük uğur olduğunu söyləyib. Deputat vurğulayıb ki, hər sənəd BMT tərəfindən tanınaraq yayılmır: "O sənədlər yayılır ki, onlar beynəlxalq hüquq normalarına və BMT prinsiplərinə uyğun gəlir. Əsli Qərbi Azərbaycandan olan vətəndaşlarımız öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər və bu, normal qarşılanır. Bu tələb BMT-nin müdafiə etdiyi hüquqlara tamamilə uyğundur. Qərbi azərbaycanlılar öz tarixi yurdlarında yaşamaq istəyirlər və Ermənistan dövlətindən qeyri-adi xahişləri yoxdur. Yeganə istəkləri onlara vətəndaşlıq verilməsi və öz el-obalarında yaşamalarıdır. Bu istək prinsip etibarı ilə həm hüquqi, həm də mənəvi cəhətdən normal və təbiidir. BMT tərəfindən Qayıdış Konsepsiyasının yayılması Ermənistanın yalançı təbliğatının qarşısının alınmasında da müəyyən rol oynayır. Ermənistan uzun illər uydurma təbliğatla Azərbaycanı "qəsbkar", "beynəlxalq hüquqa zidd hərəkət edən ölkə" kimi təqdim etməyə çalışıb. Bu istiqamətdə müxtəlif işlər görüblər, tədbirlər keçiriblər, xarici ölkə rəsmilərinə Azərbaycan barəsində dezinformasiya göndəriblər. BMT-də Qərbi Azərbaycan İcmasının sənədinin yayılması digər ölkələrin Ermənistanın tarixi ilə bağlı daha dəqiq və obyektiv informasiya almağa yardımçı olacaq".
Parlament üzvü bəyan edib ki, xarici ölkələrin ictimaiyyətləri biləcək ki, Azərbaycan vətəndaşlarının müəyyən hissəsi indiki Ermənistan ərazisindən zorla qovulublar, hüquqları əllərindən alınıb: "Şəxsən mən özüm onlarla insan tanıyıram ki, deportasiya zamanı indiki Ermənistan ərazisindəki mülklərini satmadılar, burdakı ermənilərlə dəyişmədilər. Dedilər ki, nə vatxsa nəvələri ora geri qayıdaraq babalarının mülklərini geri tələb etmək hüququna malik olsunlar. Siz azərbaycanlıların uzaqgörənliyinə baxın. Onların hərəkətlərindən bu gün arqument kimi istifadə edirik. Əlbəttə, Ermənistan tərəfi nüfuzlu bir qurumun Qərbi Azərbaycan İcmasının Konsepsiyasını yaymasından ciddi narahatlıq duyur. Ermənistan tərəfindən bu uğurun əks-sədasının azalması üçün müxtəlif çirkin addımlar atılacaq. Amma Ermənistan bilməlidir ki, Azərbaycana qarşı əsrlərdir apardığı çirkin təbliğat və təxribatlar artıq sona çatmaqdadır. Azərbaycan öz dövlət müstəqilliyindən istifadə edərək vətəndaşlarının hüquqlarını qoruyur, həqiqəti söyləyir. Artıq dünya ictimaiyyəti də Azərbaycan həqiqətlərini daha yaxşı dinləməyə başlayıb".