"Böyük Qayıdış": Şərqi Zəngəzurda həyat canlanır
Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq
Qarabağda və Şərqi Zəngəzurda başlayan genişmiqyaslı tikinti-bərpa, quruculuq işləri ümumilikdə bütün ölkə iqtisadiyyatının inkişafına zəmin yaradacaq
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər səfər işğaldan azad olunmuş bölgələrin bərpasını sürətləndirir. Dövlət başçısının səfərləri fonunda bölgədə iqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır, eyni zamanda sosial obyektlər, aqroparklar istifadəyə verilir. Ekoloji proqramlar həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında altı istiqamət üzrə prioritetlər müəyyənləşdirilib. Kənd təsərrüfatı, ərzaq sənayesi, dağ-mədən sənayesi, "yaşıl enerji", nəqliyyat-logistika və turizm. Sözügedən ərazilərin coğrafiyası, təbii iqlimi, tarixi-mədəni əhəmiyyəti və nəqliyyat potensialı nəzərə alınaraq regionlar üzrə inkişaf konsepsiyası hazırlanıb. Şuşa şəhəri mədəniyyət paytaxtımız rolunda çıxış edir.
Ağdam şəhəri yüngül sənaye və xidmət, Zəngilan, Cəbrayıl və Füzuli rayonları nəqliyyat-logistika qovşağı olmaqla yanaşı, eyni zamanda əkinçilik və "yaşıl enerji", Laçın və Kəlbəcər rayonları dağ-mədən sənayesi, turizm, "yaşıl enerji" və heyvandarlıq mərkəzlərinə çevrilir. Yaradılacaq bu mərkəzlər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payını ciddi şəkildə yüksəldəcək. Qarabağda və Şərqi Zəngəzurda başlayan genişmiqyaslı tikinti-bərpa, quruculuq işləri ümumilikdə bütün ölkə iqtisadiyyatının inkişafına zəmin yaradacaq. Bu ərazilərdə su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait olduğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir.
Bütün bu tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə gün öncə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunlarına səfər ediblər. Prezident və birinci xanım Xocavənd rayonuna səfəri zamanı Tuğ kəndinin, ilk yaşayış məhəlləsinin təməlini qoydular. Həmçinin Hadrut qəsəbə tam orta məktəbin bərpa layihəsi ilə tanış oldular. Cəbrayıl rayonunda orta məktəbin tikintisi ilə tanış olublar. Xudafərin qəsəbəsinin və Cahangirbəyli kəndinin, Zəngilan rayon mərkəzi xəstəxanasının təməli qoyuldu. Bununla yanaşı, Qubadlı rayonu Mərkəzi Xəstəxanasının və rayonun bir neçə kəndinin təməl qoyulma mərasimi də reallaşdı. Tikinti işləri ilə bağlı Cənab Prezidentə ətraflı məlumat verildi. Cənab Prezident Laçında da oldu. Güləbird kəndinin təməlini qoydu. Bir sözlə, Prezident İlham Əliyev 3 ilə yaxın Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi üçün təxirəsalınmaz işlər həyata keçirir. Bu ərazilərdə həyat canlanır, bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Təbii ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfəri "Böyük Qayıdış" prosesini daha sürətli həyata keçirmək üçündür. Ən qısa zamanda soydaşlarımız öz torpaqlarına əbədi qayıdacaqlar.
Qayıdan insanların ləyaqətli həyat şəraitinin təmini, "Böyük Qayıdış"ın “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanması vacib şərtdir. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura budəfəki səfəri zamanı müasir dövrdə insan rifahının ən vacib elementlərinin ehtiva olunduğu, dayanıqlı və ləyaqətli qayıdış istiqamətində bütün nüansların nəzərə alındığını bir daha göstərdi. Azərbaycan bu istiqamətdə artıq Ağalı və Talışın simasında müsbət təcrübəyə, habelə Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş konseptual hədəflərə malikdir. Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"ın təmin olunması Azərbaycanın 2030-cu ilə qədərki beş milli prioritetindən biridir. "Böyük Qayıdış"a dair "Dövlət Proqramı” da hazırlanıb. Prezident 2022-ci il 31 dekabr müraciəti və bu ilin yanvar ayının 10-da yerli televiziyalara müsahibəsində isə artıq müjdə vermişdi ki, “2023-cü il artıq "Böyük Qayıdış"ın ilk addımlarından biri olacaq”.
Prezident İlham Əliyev də Azərbaycan xalqına müraciətində bildirdi ki, mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilib, 10 kəndin təməli qoyulub, bir çox açılışlar həyata keçirilib: “On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir.
Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, artıq bir neçə dəfədir Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək, burada görülən işlərlə yaxından tanış olur. Gərgin iş qrafikinə baxmayaraq, hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir:
"Bu, eyni zamanda Prezident İlham Əliyevin həm Qarabağda, həm də Şərqi Zəngəzurda görülən işlərə nə dərəcədə əhəmiyyət verdiyini və həssas yanaşdığını göstərir. Bu gün görülən işlər, irimiqyaslı layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına bənzəyir”. Deputat bildirib ki, Prezident İlham Əliyev bölgədə infrastrukturla yanaşı, yeni iş yerlərinin yaradılması məsələsinə də xüsusi önəm verir. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nda görülən işlər xüsusi diqqət çəkir: "Burada bir çox yeni müəssisələrin, zavodların yaradılması bölgə insanlarının işlə təmin olunmasına böyük töhfə verəcək. Prezident İlham Əliyev bölgəyə səfər zamanı Şuşada da bir sıra yeni müəssisələrin, mədəniyyət abidələrinin, o cümlədən Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin təmirdən sonra açılışında iştirak etdi. Bu da öz növbəsində Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduğunu göstərdi. Onu da qeyd etmək lazımdır ki, bütün bu işlər Azərbaycan dövlətinin hesabına, xaricdən heç bir dəstək olmadan həyata keçirilir. Eyni zamanda bütün işlər heç bir sosial layihə təxirə salınmadan həyata keçirilir. Bu həm də bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq. Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bunun üçün bütün addımlar zamanında atılır. Məlum olduğu kimi, səfərdən sonra Ermənistan təxribata əl atdı. Azərbaycan Ordusu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistan bilməlidir ki, bu cür təxribatlar Azərbaycanın Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirdiyi layihələrin qarşısını ala bilməz”.