“Böyük Qayıdış"ın siqnalları verilir

"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 26-da Füzuli,Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xəbərdə deyilir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər. 

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.

 Sözügedən səfərin əhəmiyyətini yüksək qiymətləndirən Qeyri-Hökumət Təşkilatları Formunun (MQF) prezidenti Rauf Zeyni "Sherg.az"a bildirib ki, bu səfərlər Prezident və Birinci xanımın “Böyük Qayıdış” layihəsinə göstərdikləri diqqətin bariz nümunəsidir:

 “30 ildir Erməni vandaliziminə məruz qalan torpaqlarımızda yenidənqurma işləri aparılır. Elektrik şəbəkələri yenilənir, hava limanları tikilir, beynəlxalq konfranslar keçirilir. Bütün bu səfərlər Prezident və birinci xanımın azad edilmiş torpaqlarda gedən yenidənqurma işlərinə diqqət yetirdiklərini və mənəvi cəhətdən dəstəklədiklərinin böyük sübutudur. 

Həmçinin onu da qeyd edim ki,bütün bu proseslər “Böyük Qayıdış"ın tezliklə həyata keçirilməsinin və məcburi köçkünlərin öz torpaqlarına qovuşmasının yaxın vaxtlarda baş tutacağının siqnallarını verir.
  Prezidentimizə və birinci xanıma təşəkkürlərimi bildirir , azad edilmiş torpaqlarda QHT-lərin yenidən fəaliyyət göstərəcəyi günü səbirsizliklə gözləyirəm”.

Nihat Müzəffər