Bu, Bakı-Moskva arasında razılaşdırılan məqamdır - ŞƏRH
Ağdam-Xankəndi yolu açıldı “Bir-birilə əlaqəli şəkildə cərəyan edən hadisələr regionda Rusiya ilə Qərbin hökmranlıq etmək uğrunda rəqabətini kəskinləşdirəcək mərhələ kimi anlaşıla bilər”
Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə keçidi təmin olunub. Xatırladaq ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün sentyabrın 9-dan Bərdədə gözləyirdi. Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib ki, ərzaq dolu humanitar yük Xankəndiyə çatıb və yük müvafiq anbara boşaldılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Qarabağ bölgəsində qondarma rejim tərəfindən təxribatların törədilməsinə baxmayaraq, Ağdam-Xankəndi yolunun fəaliyyətə başlaması müsbət addım və mühüm irəliləyişdir:
"Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır". Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Laçın və Ağdamın yollarının paralel açılması sxemi bu işdə maraqlı olan bütün tərəflərlə birgə işlənib hazırlanıb. Onun sözlərinə görə, mövqelərin əhəmiyyətli dərəcədə fərqli olduğunu və qarşılıqlı etimadsızlığı nəzərə alsaq, bu işin irəliləməsi asan olmayıb: "Qarabağın erməni sakinlərinə 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib. Əvvəllər əldə edilmiş anlaşma nəzərə alınmaqla, yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın dəhlizinin də açılacağını və bundan sonra humanitar yardımın hər iki istiqamətdə müntəzəm olaraq maneəsiz şəkildə regiona gedəcəyini gözləyirik. Ümid edirik ki, bu yolla Qarabağda humanitar vəziyyət sabitləşəcək və yerli əhalinin normal fəaliyyəti bərpa olunacaq".
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, Ağdam-Xankəndi marşrutunun humanitar daşımalar üçün işə düşməsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmağa yönəlmiş manipulyasiyaların fonunda baş tutub. Ekspert diqqətə çatdırıb ki, Ağdam-Xankəndi yolunun Laçın marşrutuna alternativ kimi razılıq Avropa İttifaqının moderatorluğu ilə keçirilən danışıqlarda əldə edilmişdi: "Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə özünün yurisdiksiyasını təmin etməkdən ötrü yeni mərhələ yaşanır. Bakı ilə Moskva arasında bununla əlaqədar hələ böyük ölçülü razılıq əldə edilməyib.
Bir-birilə əlaqəli şəkildə cərəyan edən hadisələr regionda Rusiya ilə Qərbin hökmranlıq etmək uğrunda rəqabətini kəskinləşdirəcək mərhələ kimi anlaşıla bilər.
Çünki bütün bunlar Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsi üzərindən Cənubi Qafqazda Rusiya ilə Qərb arasında daha geniş strateji rəqabətin bir hissəsi kimi görünür. Bu, böyük miqyasda qlobal mübarizənin mühüm tərkib hissəsidir. Bütün bunların arasında Azərbaycanın özünə əlverişli mövqe seçib Ağdam-Xankəndi yolunun açılmasına nail olması ciddi uğur sayıla bilər. Ağdam-Xankəndi yolu ilə Rusiya TIR-nın ermənilər üçün keçidi Bakı-Moskva arasında razılaşdırılan məqamdır. Azərbaycan sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə suverenliyini təmin etməkdən ötrü çərçivə təklif edir. Bundan sonra Azərbaycan-Ermənistan gündəliyi üzrə istər Qərb, istərsə də Rusiya mərkəzli danışıqlarda bu çərçivəyə istinad ediləcək ki, məsələ rəsmi Bakının mövqelərini daha da yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Bir sözlə, Cənubi Qafqazdakı Azərbaycanın profilinin yüksəlməsi ilə yaranan fırtınadan əvvəlki vəziyyət Ermənistana qarşı hazırlıqları kəskinləşdirəcək. Ermənistan düşdüyü quyudan çıxmaq üçün optimal variantlar axtaracaq. Onun Rusiyanın "saqqızını oğurlamaq" üçün səylərinin şahidi ola bilərik, lakin bu, nəticəsiz qalacaq. İrəvanın geosiyasi yanğınların mərkəzi olmaq potensialı çoxaldıqca, Azərbaycan bundan Ermənistanın işğalçılıq siyasətini birdəfəlik yox etmək üçün yararlanmağa çalışacaq".
Siyasi şərhçi Azər Həsrət də bildirib ki, Rusiya Qırmızı Xaçına mənsub yük maşınının Ağdam-Xankəndi yoluyla hərəkət etməsi əlamətdar hadisədir. Onun sözlərinə görə, uzun illərdən sonra bu yolun yenidən işlək hala gəlməsi üçün şərait yaranıb:
"Lakin nəzərə alaq ki, Rusiyaya aid humanitar yük bu yolla hərəkət etsə də, Azərbaycanın Qarabağdakı ermənilərə göndərdiyi yük hələ də o yoldan istifadə edə bilmir. Ona görə də məsələ tam həll edilməmiş sayılır. Yəni Rusiyaya aid bir yük maşınının oradan keçməsi heç də o demək deyil ki, bölücü ermənilər və onların havadarları Ağdam-Xankəndi yolunu tam olaraq açıb. Hələlik yolların tam açılmasından danışa bilmirik. Ermənilər Ağdam-Xankəndi yolunu açmadıqca, Laçın yolu da sərt rejimini qorumalı olacaq. Bir məqamı da xatırladaq ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla 44 günlük müharibə bitdikdən sonra Azərbaycan Rusiya sülhməramlılarına Ağdam-Xankəndi yolundan istifadə üçün şərait yaratmışdı. Ruslar təyyarə ilə Gəncəyə gəlir, oradan da quru yolla Xankəndiyə gedirdilər. Amma sonradan özlərinə bəlli olan səbəblərdən bu fikirdən daşınıb yenə də İrəvan-Xankəndi yolundan istifadəyə davam etdilər. Bu isə bir daha sübut edir ki, Ağdam-Xankəndi yolunu, əslində ruslar bağlı tutur, onların girovu olan ermənilər deyil".