Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə təşəkkür məkubu ünvanlayıb. Məktubun mətnini təqdim edirik:
“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!
Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm.
Dünya dini liderlərinin II Bakı Zirvə Görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik.
Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müdrik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb.
Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm”.
***
Türkiyənin Diyanət İşləri Başqanı professor Dr. Əli Ərbaş da Prezident İlham Əliyevə təşəkkür məkubu ünvanlayıb.
Məktubun mətnini təqdim edirik:
“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Hörmətli cənab Prezident.
Dünya dini liderlərinin II Bakı Sammitinə və Zati-alinizin yüksək təqdiri ilə şərəfləndirdiyi möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibətilə rəhbərlik etdiyim geniş tərkibli nümayəndə heyəti ilə noyabrın 14-17-də ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkürlərimi ifadə etmək istərdim.
Xüsusilə səfərimizin əvvəlindən ölkənizdən ayrılana qədər bizi müşayiət edən, dəyərli vaxtlarını ayıraraq bizi tək qoymayan əməkdaşlarınızın göstərdikləri nəzakəti təqdirlə qarşıladığımızı bildirmək istəyirəm. Düşünürəm ki, gözəl ölkənizə nümayəndə heyətimizlə etdiyim səfər həm qurumlarımız, həm də ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcək.
Fürsətdən istifadə edib Zati-alinizə Uca Allahdan cansağlığı və xoşbəxtlik diləyir, Sizin şəxsinizdə azərbaycanlı qardaşlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram”.
***
Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri Əl-Seyyid Əl-Şərif Prezident İlham Əliyevə təşəkkür məkubu ünvanlayıb.
“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm cənab Prezident.
Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti - Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.
Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.
Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm”-məktubda qeyd edilib.
***
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri, Əl-Əzhər Əl-Şərif İslam Araşdırmaları Mərkəzinin üzvü Əl-Seyyid Əli bin Əl-Seyyid Əbdurrəhman Al Haşim Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm Prezident.
Mən və məni müşayiət edən nümayəndə heyəti Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməyimizdən məmnunuq. İcazə verin, bu gözəl Sammitə hamilik etdiyinizə, açılış mərasimində iştirak və çıxış etdiyinizə görə Zati-alinizə təşəkkürümü, rəğbətimi və ehtiramımı ifadə edim.
Bu Sammit Azərbaycanda keçirilən ən mühüm tədbirlər sırasındadır. Din xadimlərinə göstərdiyiniz qayğı və diqqətə, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə bəxş etdiyiniz yüksək sevincə görə təşəkkür və minnətdarlığa layiqsiniz.
Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”-məktubda qeyd edilib.