Bütün görüşlər nəticəsizdir

Kreml Antonio Quterreşin hər iki xahişini rədd edib

BMT-nin baş katibi Antonio Quterreş aprelin 26-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Kremlin məlumatına görə, tərəflər Ukrayna böhranını, o cümlədən Mariupol və “Azovstal”da vəziyyəti müzakirə ediblər. Quterreş Xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Xatırladaq ki, sonuncu dəfə baş katib Moskvaya ötən ilin mayında gəlib. Budəfəki səfərindən əvvəl Quterreş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib. BMT baş katibi Putinlə görüşdən sonra Ərdoğanla əlaqə saxlayıb və Kreml rəhbəri ilə aparılan müzakirələr barədə onu məlumatlandırıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, BMT baş katibi Antonio Quterreşin Rusiya Prezidenti Vladimir Putin və Xarici işlər naziri Sergey Lavrovla görüşü nəticəsiz qalıb. Ekspertin sözlərinə görə, baş katibin Kreml rəhbərindən iki xahişi olub: 

“Quterreş Putinə təklif edib ki, Rusiya Ukraynada işğalçı müharibəni dayandırsın. Eyni zamanda Mariupoldan mülki insanların çıxarılmasına şərait yaradılsın. Görünən odur ki, Kreml Antonio Quterreşin hər iki xahişini rədd edib. Baş katib Moskvadan əvvəl Ankarada Türkiyə lideri Rəcəb Təyyib Ərdoğanla görüşmüşdü.

 Tərəflər Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə  bağlı fikir mübadiləsi aparmışdılar. 

Bu faktın özü BMT-nin Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilliyinə verdiyi müsbət qiymətə dəlalət edir. Buna baxmayaraq, Kreml Ankaranın təşəbbüslərini qulaqardına vurmaqda davam edir. 

Türkiyə rəsmiləri həftələrdir Kremlə təklif edirlər ki, Türkiyənin mülki gəmiləri Mariupol sakinlərini liman üzərindən təhlükəsiz yerə daşısın. Ancaq cavab yoxdur”.