Cinayətlərə hüquqi qiymət verilməsinə çalışmalıyıq


Professor: “Bütün il boyu ermənilərin törətdikləri soyqırımları gündəmdə saxlamalıyıq”


  "Bölgəmizdə erməni cinayətləri təkcə 31 Mart soyqırımı ilə məhdudlaşmır. 1918-ci ildə ermənilərin törətdikləri cinayətlər həm də Bakı-Quba-Şamaxı və başqa yerlərdə də olub". Bu barədə "Şərq"ə açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib. Professor bildirib ki, eyni tarixlərdə Cənubi Azərbaycanın Xoy, Səlmas, Urmiya bölgəsində 300 min Azərbaycan türkü qətl edilib: "Bu tarixi faktlardan demək olar ki, heç danışılmır. Bu mənada biz yalnız anım günlərində deyil, bütün il boyu ermənilərin törətdikləri soyqırımları gündəmdə saxlamalıyıq. Bütün bunlar sadəcə təbliğat vasitəsi olmamalıdır. Cinayətlərə hüquqi qiymət verilməsinə çalışmalıyıq. Həmin illərdə Qərbi Azərbaycan türklərinə qarşı dönəmin daşnak hakimiyyətinin apardığı siyasətin də bir soyqırımı olduğunu ortaya qoymalıyıq. 1905-1906-cı ildən başlayaraq yüzlərlə Azərbaycan kəndinin, qəsəbəsinin yox edilməsi, 1918-ci ildən sonra isə İrəvan vilayətində bütün türk-müsəlman əhalinin qırılması, köçə məcbur edilməsi soyqırım deyil, nədir? Bunları yalnız Azərbaycan ictimaiyyəti deyil, dünyanın diqqətinə çatdırmaq ən böyük vəzifəmizdir. 31 martın azərbaycanlıların soyqırımı günü kimi dünyanın tanıması ümdə, milli bir işə çevrilməlidir".