- “Bu ölkədə islamofobiyaya yol verilməyəcək!”
“Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək”. Bu, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikilərdən sadəcə biridir. Lakin hətta bu bur cümlədə də cənab Prezident Azərbaycanın tutduğu mövqeyi açıq elan etdi.
Bu günlər ölkəmizdə ard-arda keçirilən beynəlxalq səviyyəli tədbirlər Azərbaycanın Türk-İslam dünyasında necə əhəmiyyətli mövqeyə sahib olduğunun təsdiqidir. Üzərimizə düşən bu yüksək nüfuza layiq olmaq və mövqelərimizin bundan sonra da sarsılmaması üçün səy göstərməkdir. Hər kəs öz vəzifəsini bilməli və onu yerinə yetirməlidir. Təbii ki, belə bir vaxtda ziyallarımızın da üzərinə düşən mühüm vəzifələr var.
Son zamanlar milli-mənəvi dəyərlərimizin üzərinə hiss edilən hücumlar fonunda şair, yazıçı və publisist Arzu Əsədin hədəfə tuşlanmış sərrast fikirləri diqqət çəkir. Cənab Prezidentin çıxışlarını diqqətlə izlədiyini deyən Arzu Əsəd Sherg.az-a açıqlamasında bu çıxışların dövlətimizin yürütdüyü siyasətə ayna tutduğunu bildirdi:
- Cənab Prezident çıxışlarında bir çox mühüm məqamlara toxunub. Onların arasında “Azərbaycanda islamofobiyaya yol verilməyəcək” mesajı da çox aydın səsləndi. Ölkə prezidenti bunu o qədər səlis bir şəkildə bütün dünyaya bəyan etdi ki, daha heç kim özünü karlığa-korluğa qoyub, eşitmədim, görmədim, bilmədim deyə bilməz. Ölkədəki "ateist" adı ilə islamofobiya yayanlar dar çərçivədə bir neçə onluqdan, geniş çərçivədə isə bir neçə yüz nəfərdən ibarət marginal qrupdan ibsrətdir. Sosial şəbəkələrdə onlar “məşhurdurlar”. Həyatlarını buna həsr ediblər, yəqin ki, həyatlarını da elə bununla qazanırlar. Ölkə prezidentinin məlum çıxışından sonra bu marginal qrupun bir çox ağıllı üzvləri artıq islam dəyərlərinə qarşı radikal hücumların, təhqiramiz, aşağılayıcı leksikonun bu ölkədə cinayət məcəlləsi ilə qarşılıq görəcəyini anladıqlarına görə susmağa, yaxud da daha çox fəlsəfi qarışıqlıq yaradan leksikona müraciət etməyə məcbur oldular. Susmaq imkanları olmayan, öhdəliklərini yarımçıq qoya bilməyən yarımağıllıları isə müxtəlif taktikalara əl atmalı olublar. Onlardan bəziləri də bu ölkənin tarixi, milli-mənəvi, dini dərəyənlərini qoruyan ziyalıların üzərinə hücuma keçməyə başlayıblar. Əsassız, absurd, gülünc iddialarla Azərbaycan ziyalılarını geriçilikdə, irticaya dəstək verməkdə günahlandırmağa, onlara müxtəlif damğa və yarlık yapışdırmağa çalışırlar. Hələ bəzi infantil düşüncəlilər guya əks həmlə edərək milli-mənəvi dəyərlərimizi qoruyan ziyalılarımızın dini radikalizmə dəstək verməsini də önə sürməyə çalışırlar. Suda boğulanın saman çöpündən yapışması. Çevik hadisəsində suyu bulandırıb balıq tuta bilməyənlər indi də heç olmasa bir çömçəquyruq tutub sifarişçilərinə göstərmək üçün bu fırıldağa əl atıblar. Ziyalı adına belə asan ləkə yaxa bilməzsiniz. Küncdə-bucaqda donquldanmaq, ümumi şəkildə eyham vurmaq, söz atmaq ictimai şüuru çaşdırmaqdan başqa bir şey deyil. Azərbaycan ziyalılığı episentri 1937-ci il olan bir əsrlik şantajdan, hədə-qorxudan, real təhlükələrdən keçib gəlib, bərkiyib, təkmilləşib. İndi siz o infantil ağlınızla, yarımçıq təfəkkürürünüzlə, minillərin mənəvi əsaslarından qopardığınız qorxaq psixologiyanızla Azərbaycan ziyalılığına əba altından zopa göstərmək istəyirsiniz? Bu künc-bucaq dedi-qodularla, şantaj eyhamları ilə, gülünc iftiralarla Azərbaycan ziyalısını öz tarixindən, milli-mənəvi, dini dəyərlərindən qopara biləcəklərini zənn edirlərsə, möhkəm yanılırlar.
A.Əsəd qeyd etdi ki, Azərbaycan cəmiyyəti xarakterindən, adından asılı olmayaraq hər cür ifratı, radikallığı, ekstremizmi rədd edir:
- Bunun adı istər din olsun, istər ateizm olsun, Azərbaycan ziyalısı Azərbaycanın gələcəyini dinlə ateizmin, keçmişlə bu günün, mühafizəkarlıqla yeniliyin dialektik vəhdətdə qarşılıqlı təsir və mübarizəsindən doğan dinamik inkişafda görür. Azərbaycan ziyalısı dinin yox, dini istismarın, dini ekstremizmin, din adına xurafatın, cəhalətin əleyhinədir. Azərbaycan ziyalısı elmi ateizmin yox, ateizm adına cəmiyyətdə dini dəyərləri təhqir edən, aşağılayan, bununla da cəmiyyətə dini düşmənçilik, nifrət, nifaq salmaq istəyən, vətəndaş qarşıdurması yaratmaq istəyən avantürüst qüvvələrin əleyhinədir. Bu mərkəzçi mövqe yaddaşı zəif olanlar, biliksizlikdən sərhədləri qarışdırılanlar üçün zaman-zaman təkrar ediləcək.