Əfsanə bitdi

Boris Conson getdi, dalğa hələ qabaqdadır

İngiltərə baş nazirinin istefası Ukrayna müharibəsi və dünyanın yenidən bölüşdürülməsi savaşı fonunda maraqlı hadisədir


  Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib. O, bu barədə xalqa müraciətində bildirib: “Bizə indi sakitlik və birlik lazımdır. Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”. 

  Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib. Son günlər Böyük Britaniya çalxantılı dövrünü yaşayır. Qısa müddətdə bir çox nazir istefa verib. Üç gün ərzində ölkənin Maliyyə naziri Rişi Sunak, Səhiyyə naziri Sacid Cavid, Uşaq və ailə naziri Vill Kuins, Nəqliyyat nazirinin müavini Laura Trott və Məktəb naziri Robin Valker vəzifəsindən uzaqlaşıb. Ümumilikdə isə 27 məmur hökuməti tərk edib. Son olaraq Baş nazir Boris Conson istefa verdiyini açıqlayıb. Boris Conson təkcə Britaniya üçün yox, bütün dünya üçün əhəmiyyətli lider idi. 2001-ci ildən siyasətdə olan Conson 2006-cı ildə ölkənin xarici işlər naziri vəzifəsinə təyin olunub. 2019-cü ildən isə baş nazir vəzifəsini icra edirdi. Həmin vaxtdan bu yana ölkəsinin inkişafı, potensialının artması üçün mühüm işlər görüb. Buna rəğmən son vaxtlar Londonda siyasi böhran hökm sürürdü və yerli media, o cümlədən müxaliflər buna görə hökumət başçısını suçlayırdı.

  Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, İngiltərədə yaşanan kabinet böhranı daxili səbəblərdən qaynaqlanır. Lakin analitikə görə, bu istefanı Ukrayna müharibəsi və dünyanın yenidən bölüşdürülməsi savaşı fonunda şərh etmək lazımdır:

 “Madrid zirvəsində NATO yeni - əsas hədəfini rəsmiləşdirdi. Bu hədəf Çin oldu. 2021-ci ilin dekabrında başlanan Rusiya və ABŞ-NATO qarşıdurması və Ukraynada davam edən müharibənin nəticəsinə baxdıqda da yeni dünyanın qurulması mübarizəsini oxumaq mümkündür. ABŞ və Çinin iki əsas qütb olacağı yeni dünyada Rusiya yalnız “dünya gücü” kimi yox, regional güc olaraq qəbul olunur. Yeni dünya ABŞ-ın təkqütblü güc olduğu nizamın dağılması, başqa sözlə, Amerika hegemonluğunun sıradan çıxması perspektivini vəd edir. Bunu təkqütblü gücünü itirmək istəməyən ABŞ da istəmir. “Dünya gücü” kimi qəbul edilmək istəyən Rusiya da. Rusiya Ukraynaya hücumla Çini yeni dünya gücü, ən azından “ikinci əsas qütb” edəcək layihənin (BRİ) önünü kəsir. Həm də ABŞ-a NATO-nu gücləndirmək, Avropada köhnə müttəfiqləri yenidən öz orbiti ətrafına birləşdirmək imkanı yaratdı. 

Bu, yeni dünyada Avropanı güc mərkəzinə çevirməyə çalışan, bunun üçün “Avropa ordusu” yaratmağı planlaşdıran Almaniya, Fransa, İtaliya kimi ölkələrin də yolunu bağlayırdı. Müharibə ilə Qərb cəbhəsinin birləşməsinə kömək edən Rusiya da ona biçilən “regional güc” donunu geyinməkdən imtina edir, yaxud qarşılığında bu mövqeyi qəbul olunur. Boris Conson Avropada Ukraynaya dəstəyi təşkil edən əsas fiqur idi. Bu, ABŞ-NATO cəbhəsi ilə uzlaşan mövqedir. Amerika Avropanı NATO çətiri altında birləşdirmək və Çinin səddin arxasında qalmasını istəyir. Lakin ingilislər müharibənin Rusiyanın “dünya gücü” kimi qəbul edilməsi ilə nəticələnməsinə qarşıdır. Uzlaşan mövqe Ukrayna müharibəsinin necə bitəcəyi məsələsində toqquşur. Müharibə Avropanın öz orbitinə qayıtmasına və Qərb cəbhəsini strateji hədəf - Çinə qarşı birləşdirənə qədər davam etməli idi. Conson müharibənin Rusiyanın “regional güc” rolunu qəbul edənə qədər davam etməsini istəyirdi. Madrid zirvəsində NATO istəyinə nail oldu. Artıq müharibə bitməli, Rusiyanın mövqeyi bu və ya digər formada qəbul edilməlidir. Ancaq Consonun arxasındakı dəstək buna imkan vermirdi. Prosesin uzanması, xüsusilə enerji və taxıl böhranı Avropada Vaşinqtona qarşı çağırışları yenidən aktuallaşdırırdı”. 

  A.Nərimanlıya görə, proseslərə bu kontekstdə yanaşdıqda Consonun istefaya məcbur edilməsi və bunun məhz Çinin rəsmi şəkildə rəqib elan edildiyi Madrid zirvəsindən sonra baş verməsi məsələnin daxili səbəblərilə yanaşı, geosiyasi savaşın tərkib hissəsi olduğu ehtimalını da önə çıxarır:

 “Conson istefasına rəğmən, Ukraynaya dəstəyin davam edəcəyini deyir. Hərçənd, kabinet böhranı, yeni seçkilər diqqətin daxili proseslərə yönəlməsinə səbəb olacaq. Bu, Ukrayna cəbhəsindəki vəziyyəti də dəyişdirə bilər. İstisna deyil ki, qarşıdakı dövrdə Qərb cəbhəsində Ukraynanın Rusiya ilə masaya əyləşməsi istəyi daha sıx dilə gətiriləcək”.

  ReAL partiyasının sədr müavini Natiq Cəfərli isə qeyd edib ki, Boris Consonun istefası və Böyük Britaniyaya yeni baş nazirin seçilməsi bu ölkənin Rusiyaya qarşı siyasətini kökündən dəyişməyəcək. Amma bütün Qərb ölkələrinə dərs olacaq ki, öz yanlış siyasətlərini Rusiyanın aqressiyası ilə ört-basdır etməsinlər:

 “Son illər Qərbdəki liderlik böhranı, “kovid-faşizm” kimi yeni fenomen, ağılsız qapanmalar, iqtisadiyyatın göz görə-görə çökdürülməsi bəşəriyyəti böyük iqtisadi durğunluqla üz-üzə qoydu. Ağılla, strateji baxışla görülməli olan işlər arxa plana keçirildi. Nəticədə Rusiya və Çin kimi ölkələr gücləndi, Qərb isə yeni model axtarışında yolunu azdı. 

Cəmi 15 il öncə Almaniya kimi ağıllı sistemi, cəmiyyəti olan ölkə məntiqsizcəsinə “yaşıl, bərpaolunan enerji” keçidinə getməklə atom elektrik stansiyalarını bağladı. 

Halbuki, AES-lər ekoloji ziyanlı deyil. Almaniya Rusiya qazından və neftindən o qədər asılı vəziyyətə düşdü ki, indi tərpənə bilmirlər. Rusiya isə bu mövzunu qəsdən gündəmdə saxladı. Avropanın “yaşıllarına” və “millətçilərinə” açıq-gizli maddi dəstək göstərdi ki, mövzu aktuallaşsın. Avropanın Rusiyadan asılılığı artsın. İndi də Qərb ölkələri Rusiyanın neft-qazına məhdudiyyətlər qoyur. 

Nəticədə öz ölkələrində qiymətlər artır, inflyasiya partlayır, əhali narazı qalır. Rusiyanın taktikası və strategiyası böhranı dərinləşdirərək Avropa və ABŞ-ı daha pis vəziyyətə salmaqdır. Qərbin ən güclü yeri də, ən zəif nöqtəsi də eynidir – demokratiya və seçki”.