Ekspert vəziyyətdən çıxış yolu göstərdi

"Müharibə adamlarının problemləri üzrə dövlət komitəsi yaradıla  bilər"

“Qazilər və sosial müdafiə strukturları arasında  baş verən hadisələr ağrı və narahatlıq doğurur”. Bu barədə İctimai Tədqiqatlar Mərkəzinin direktoru, hüquqşünas, ekspert-kriminalist İlqar Altay deyib. Ekspert bildirib ki, qazilərin və veteranların sosial, sağlıq, hüquqi məsələlərinin həllinin icrası üzrə sistemsizlik hiss olunur: “Ölkədə müharibə ilə əlaqəli böyük bir toplum mövcuddur: - bu şəhid ailələri, qazilər və veteranlardır. Belə böyük, həssas təbəqənin həyatı və yaşayış şəraiti, sağlamlığı və təminatı çox asan məsələ sayılmamalıdır. 

Problemlər müxtəlif ola bilir. Bu təbəqənin problemlərinin həllinə qarşı bəzi yerli aidiyyətli məmurların qeyri-adekvat yanaşması ilə yanaşı, bəzi qazilərin də tələb və davranışlarının da qeyri-adekvat olması mümkündür. Eyni zamanda bu təbəqə ilə dövlət orqanları arasındakı anlaşılmazlıq və mübahisələrdən daxili-xarici siyasi dairələrin, anti-Azərbaycan qüvvələrin sui-istifadə halları da danılmazdır.

 Düşünürəm ki, bütün bu nizam, tənzim probleminin həlli üçün vətən müharibəsinə aid toplumun: - şəhid ailələri, qazilərin, veteranların problemlərinin həlli üzrə ayrıca, xüsusi, dövlət komitəsi yaradılması daha müvafiq ola bilərdi”.

Kriminalist yeni qurumun necə adlana biləcəyindən də yazıb: “Məsələn, ayrıca “Vətən müharibəsi – şəhid ailələri, qazilər və veteranların problemləri üzrə dövlət komitəsi” adlı qurum yaradıla bilər. Ölkəmizdə ailə, uşaq və qadın problemləri, diaspora və yaxud qaçqın-köçkünlər, dini qurumların tənzimi üzrə ayrıca komitələr var.  

Zənnimcə, yeni Komitə ölkə əhalisinin bu, böyük və həssas təbəqəsinə yönəlik dövlət siyasəti və qayğısının tənzimlənməsi, bu kəsimlə bağlı bütün sosial, hüquqi və sair problemlərin həllində təyinatlı, sistemli dövlət strukturu kimi fəaliyyət göstərə, səmərəli rol oynaya bilər”.