"Ən tez" xidmət konsepsiyası innovativ bir yanaşmadır
Müşahidələr göstərir ki, Ədliyyə Nazirliyində rəqəmsal transformasiya prosesləri yetərincə sürətli aparılır
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
22 noyabr - ədliyyə işçilərinin peşə bayramı ərəfəsində bu sahədə tətbiq olunan yeni rəqəmsal innovasiyaların ictimai təqdimatı keçirilib. Ədliyyə nazirinin müavini Eldar Nuriyev "Rəqəmsal Ədliyyə Yenilikləri" adlı tədbirdə bildirib ki, ölkəmizdə rəqəmsal ədliyyənin inkişaf etdirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsi vacib haldır və bu sahə inkişaf etdirilməlidir. Onun sözlərinə görə, ölkə rəhbərliyi bu məsələni diqqətdə saxlayır: "Bu sahənin genişləndirilməsi üçün adiyyəti qurumlara tapşırıqlar verilib.
Bütün dövlət orqanlarında olduğu kimi, Ədliyyə Nazirliyində də bu sahədə işlər aparılır". Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə nazirliyin yeni təcili elektron zəng xidməti - "ən tez" xidmət konsepsiyası hazırladığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, eləcə də hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır. Xidmətlərin olduqca sürətləndirilmiş rejimdə göstərilməsini şərtləndirir:
"Ən tez" xidməti Ədliyyə Nazirliyinə təcili elektron zəng deməkdir. Müraciət edən şəxsdən hər hansı sənəd, yaxud elektron imza tələb edilməyəcək. O, sadəcə, operatora bir video zəng etməklə xidmətlərdən məsafədən yararlanacaq". İdarə rəisi qeyd edib ki, həmin sürətə nail olmaq üçün respublikada fəaliyyət göstərən bütün yerli ədliyyə orqanları həmin xidmət şəbəkəsinə cəlb olunacaq. Vətəndaşın müraciəti zamanı həmin vaxt işi nisbətən az olan qurum onun icrasını təmin edəcək. Bundan başqa, "Mobil Əhali" tətbiqi vasitəsilə ölkə əhalisi və xaricdə yaşayan vətəndaşlar növbə gözləmədən doğum və ölümü elektron qeydə ala biləcəklər. Qurumun Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib ki, fiziki şəxslər dövlət qurumuna hər hansı sənəd təqdim etmədən müvafiq sənədləri əldə edəcəklər: "Proses “QR kod” vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar övladlarına istədiyi adı da elektron qaydada qoya biləcəklər. Ailə tərkibi, subaylıqla bağlı arayışların elektron qaydada verilməsi də bu proqramda nəzərdə tutulub. Bu, "Mobil notariat" alt tətbiqidir. "Mobil notariat"ın artıq 400 mindən çox istifadəçisi var". Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə isə bildirib ki, yeni infrastrukturların yaradılmasını, habelə əlavə işçi qüvvəsinin cəlb edilməsini istisna edən bu konsepsiya izafi xərclərin qarşısını almaqla yanaşı, müxtəlif ədliyyə xidmətlərindən eyni zamanda, yararlanmasını təmin edəcək.
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, Ədliyyə Nazirliyinin doğumu, ölümü və istənilən yaşayış vəziyyətini "mobilləşdirməsi" göstərir ki, nazirlik tam olaraq data yönümlü xidmətə keçib. Ekspert bildirib ki, Ədliyyə Nazirliyi peşə payramı ərəfəsində daha bir neçə ictimai və sosial əhəmiyyət kəsb edən rəqəmsal həllərini təqdim etdi:
"Təsəvvür edin ki, siz xaricdə yaşayırsız və ya işləyirsiz. Əgər doğum və ya ölümlə bağlı, ailə vəziyyəti və ailə tərkibi ilə bağlı arayış əldə etmək lazımdırsa, əziyyət çəkib ölkəyə gəlməyə ehtiyac yoxdur. Ölkədəsinizsə, müvafiq qurumlara getməyə ehtiyac yoxdur. Nazirliyin yeni istifadəyə verdiyi "Mobil əhali” tətbiqi ilə bu arayışları harada olmağınızdan asılı olmayaraq elektron formada əldə edə biləcəksiniz. Dövlət və özəl sektor, vətəndaşın mobil telefonla əldə etdiyi bu tip məlumatları, məsələn, telefondakı "doğum haqqında Şəhadətnaməni" rəqəmsal sənəd olaraq qəbul edəcək. Nazirliyin digər bir mühüm yeniliyi isə hansısa müqavilənin etibarnamə yolu ilə deyil, artıq birbaşa, tərəflərin harada olmasından asılı olmayaraq, özləri tərəfindən bağlamaq imkanının yaradılmasıdır. Anlaşılan, nazirlik hələlik ilkin mərhələ üçün iki tərəfin iştirakını nəzərdə tutan kirayə müqavilələrinin uzaqdan, elektron formada bağlanması xidmətini təklif edir. Tərəflərin identifikasiyası video qeydiyyat və üz tanıma əsasında reallaşır və bütün zəruri sənədlər real vaxtda sistemdən əldə olunur".
O.Gündüzə görə, güman etmək olar ki, artıq ən qısa zamanda nazirlik etibarnamə və ya arayış məsələsinə də son qoyacaq. Tərəflərə təmas olmadan, hansısa görüş, notarius, arayışlar olmadan, uzaqdan, tam data yönümlü xidmət təqdim edəcək:
"Ədliyyə Nazirliyinin bu gün təqdim edilən “Ən tez” xidmət konsepsiyası da innovativ bir yanaşmadır. Hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır. Ümumiyyətlə, müşahidələr göstərir ki, Ədliyyə Nazirliyində rəqəmsal transformasiya prosesləri yetərincə sürətli aparılır. Hazırda nazirliyin 400 min istifadəçisi olan "Mobil notariat" tətbiqi ən populyar və faydalı rəqəmsal hökumət həllidir. Ədliyyə Nazirliyi rəhbərliyinin, qurumun İKT komandasının və qurumla dövlət-özəl tərəfdaşlıqla işləyən İT şirkətlərin səyləri olduqca təqdirəlayiqdir. Nazirliyin rəhbərliyini, bütün əməkdaşlarını, xüsusilə də rəqəmsal komandanı peşə bayramı münasibətilə təbrik edirik".