Ərəblərin də Ərdoğana ehtiyacı yaranıb

Ər-Riyad Yəməndəki məqsədlərinə Türkiyənin dəstəyi ilə çatmaq istəyir

Suriya məsələsi Türkiyə-Səudiyyə Ərəbistanı masasında ortaq maraqları inkişaf etdirəcək

   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin illərdir gərgin münasibətdə olduğu Səudiyyə Ərəbistanına səfər edəcək və kral Salman bin Əbdüləziz Al Səudla görüşüb. Ərdoğanın Ər-Riyada gedişi iki ölkə arasında barışıq prosesi üçün kritik əhəmiyyət kəsb edir. Sirr deyil ki, Səudiyyə Ərəbistanı Ankara ilə normal əlaqələrə daha çox ehtiyac duyur. Bu ehtiyac müdafiə qabiliyyətinin zəruri gücləndirilməsindən irəli gəlir. Səudiyyə Ərəbistanı Yəməndəki Husi hərəkatının regiona təhlükə yaratdığını düşünür. Ölkə həmin şiə qruplaşmasının hədəf taxtasındadır, tez-tez atəşə məruz qalır. Bu təhdid tablosu Səudiyyə Ərəbistanı qarşısında təhlükəsizlik çağırışları qoyur. Ər-Riyad Yəməndəki məqsədlərinə Türkiyənin dəstəyi ilə çatmaq istəyir. 

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Türkiyənin yüksələn müdafiə modeli ikitərəfli münasibətlərdə alternativ praqmatik istiqamətlər üzrə inkişafı təşviq edir. Analitik vurğulayıb ki, Səudiyyə Ərəbistanı Türkiyənin effektiv hərbi sənaye potensialına müraciət edir və ən müasir silahların ölkəyə idxalına başlamaq niyyətlərini qarşı tərəfə çatdırır:

 “Yeni səhifə açılsa, bu, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı mübahisələri yumşaldacaq. Əgər münasibətlər normal axara qayıdarsa, bu, Ankaraya ən azından üç qaynar nöqtədə - Suriyada, Misir və Şərqi Aralıq dənizi -  regional çəkisini artırmaq potensialını təqdim edəcək. Suriya məsələsi Türkiyə-Səudiyyə Ərəbistanı masasında ortaq maraqları inkişaf etdirəcək. 

Ankara hesab edir ki, Ər-Riyadla münasibətlərin bərpası Səudiyyə Ərəbistanını Yunanıstan tərəfdarı olmaq mövqeyindən yayındıracaq. Bu həm də Türkiyənin gərgin münasibətdə olduğu Misirə çıxış imkanlarını asanlaşdıracaq. Ərdoğanın səfəri daha geniş regional təsirlər yaratmağa hədəflənib. 

Bu, İran üçün də siqnaldır. Çünki Türkiyə-Səudiyyə Ərəbistanı kimi regionun iki nəhəngi arasında buzların əriməsi İranın bölgə üzərindəki təsirlərini əyəcək. Ərdoğanın səfərinin digər hədəfi iqtisadi əlaqələrin bərpasıdır. Səudiyyə Ərəbistanı Türkiyə mallarını boykot etdiyindən iki ölkə arasında ticarətin həcmini əhəmiyyətli dərəcədə azaldıb. 

İndi Türkiyə də, Ər-Riyad da bu problemi aradan qaldırmaq üçün səyləri birləşdirir və nəticədə yeni müqavilələrin bağlanması gözlənilir. İki ölkə hərtərəfli anlaşmaya imza atacaqsa, bu, regional sabitləşdirmə planının da işlənib hazırlanmasına təkan verəcək”.