Erməni idmançılar Bakıya gələcək: Təhlükə olmayacaq

Belə məsələlər qarşılıqlı olmalıdır ki, sülhə, dialoqun sıxlaşmasına, münasibətlərin yaxınlaşmasına gətirib çıxarsın
  Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında Ermənistan yığması da iştirak etmək istəyir. Bu barədə Ermənistan Güllə Atıcılığı Federasiyasının baş katibi Areq Saribekyan deyib. O bildirib ki, yığma hər hansı maneə ilə üzləşməsə, yarışda iştirak edəcək. 
Ermənistanın mundialda iştirakı ilə bağlı yekun qərar yarış ərəfəsində veriləcək. Öncədən Rusiyada təşkil olunması planlaşdırılan dünya çempionatı sonradan bu ölkədən alınaraq Bakıya verilib. Yarış avqustun 4-15-də paytaxtda keçiriləcək dünya kubokunun ardından baş tutacaq. Qeyd edək ki, Bakıdakı dünya çempionatı avqustun 14-31-də keçiriləcək. Burada güllə atıcılığı, stend atıcılığı və hərəkət edən hədəfə atəşaçma yarışları baş tutacaq. Yarışda Paris-2024 Yay Olimpiya Oyunlarına 48 lisenziyanın sahibi də bəlli olacaq.
  Siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, əvvəllər də beynəlxalq yarışlarda Ermənistan iştirak edib və rəsmi Bakı buna etiraz etməyib. Ekspertin sözlərinə görə, Azərbaycan daim sülhün, barışın və sabitliyin tərəfdarıdır:
 "Mədəniyyət və idmanla bağlı yarış və toplantılarda Ermənistanın da iştirak etməsinə yol vermək bizim ədalətli, humanist mövqeyimiz baxımından üstünlüyümüzdür. Demokratik dünya da bunu müsbət qiymətləndirməlidir. Son proseslər fonunda erməni yığmasının ölkəmizdəki idman yarışında iştirak etməsinin nəticələri hesablanmalıdır. Bunun müsbət tərəfləri çox ola bilər. Həmçinin nə qədər qərəzsiz, ədalətli, sülhpərvər, humanist olduğumuzu dünyaya bir daha sübut edər. Ermənipərəst Fransa kimi dövlətlərin də bəhanəsi qalmaz".
  T.İrfan vurğulayıb ki, ancaq elə etmək lazımdır ki, erməni tərəfi və dəstəkçiləri bunu Azərbaycanın zəifliyi kimi qəbul etməsinlər:
 "Gələcəkdə bu kimi yarışlarda Azərbaycan tərəfi də iştirak etməlidir. Belə məsələlər qarşılıqlı olmalıdır ki, sülhə, dialoqun sıxlaşmasına, münasibətlərin yaxınlaşmasına gətirib çıxarsın və ümumi nəticənin xeyrinə olsun. Ermənistana uzun illər güzəşt etmişik, səbrlə davranmışıq. Ancaq onlar bunu çox zaman bizim "qorxaqlığımız" kimi təqdim ediblər".