Şirkət xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir
Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ baş verən zaman android tipli mobil telefon istifadəçilərinə anında zəlzələ ilə bağlı xəbərdarlıq mesajları gəlib. Xəbərdarlıqda, hətta zəlzələnin neçə bal gücündə olduğu da bildirilib. Ekspertlərə görə, zəlzələ haqqında heç bir proqram dəqiq şəkildə məlumat verə bilməz. Çünki zəlzələ təbii fəlakət olduğu üçün onun dəqiq vaxtı və zamanı olmur. Lakin bəzi hallarda məlumat almaq mümkündür. Alimlər tərəfindən müəyyən edilmiş ərazilərdə zəlzələ ölçən cihazlar quraşdırılır. Müxtəlif məlumatlar seysmoqraf cihazlarında bir yerə toplanır. Daha sonra toplanan məlumatlar "Google" tərəfindən çox sürətli şəkildə hesablanır və cihazlara yönləndirilir. Mütəxəssislərin sözlərinə görə, zəlzələ haqqında məlumat "Google Yer" bildirimlər xidməti aktiv olduğu halda gəlir.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib ki, zəlzələ ilə bağlı xəbərdarlıq mesajı "Google"nin Android platformasından göndərilib. Onun sözlərinə görə, "Google" zəlzələ xəbərdarlığı xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir:

"İndi əksəriyyət müzakirə edir ki, nə üçün "Google" ona bu mesajı göndərməyib, yaxud nə üçün bu mesaj "iPhone" telefonu işlədənlərə göndərilməyib. Hətta "Apple" şirkətini qınayanlar var. "Google"nin xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, hətta dezinformasiyaların yayılması da müşahidə edilib. Heç kim soruşmur ki, bəs Fövqəladə Hallar Nazirliyinin xəbərdarlığı, mesajları, mobil tətbiqləri və mobil xidməti haradadır? Uzun illərdir ki, Fövqəladə Hallar Nazirliyi "112 Mobil Xilasedici" tətbiqini hazırlaya bilməyib. "112" Qaynar xətt xidməti aktiv olsa da, daha effektiv olan uyğun mobil tətbiq yoxdur. Xatırlayıram ki, 2016-cı ildə ATL şirkəti FHN-in sifarişi ilə İOS və Android üçün belə bir resurs hazırlamışdı. Lakin sonralar bu mobil resurs hər iki platformadan yığışdırılıb. FHN bir neçə dəfə belə bir mobil resursun hazırlanması haqqında mesajlar versə də, indiyədək bu reallaşmayıb".
O.Gündüz xatırladıb ki, digər ölkələrin əksəriyyətində belə bir mobil resurs aktivdir: ""112 Mobil Xilasedici" daha operativ reaksiya, ilkin məlumatlandırma və yardım, əks əlaqə, kordinatın müəyyən edilməsi və yönləndirilməsi, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur. Maraqlıdır ki, hədsiz geniş resurslara, böyük bir İT idarəyə və komandaya malik olan FHN 7 ildir ki, balaca bir mobil tətbiqi ortaya çıxara bilməyib. Çox təəssüfləndirici bir haldır".