Hamı milli vəzifəsini və məsuliyyətini dərk etməlidir


Artıq sözdə deyil, əməldə diaspordan lobbiçiliyə keçmək lazımdır

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

  Azərbaycan müstəqillik qazandıqdan sonra diaspor quruculuğu sahəsində önəmli addımlar atılıb, mühüm nailiyyətlər əldə edilib. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası fəaliyyət göstərir. 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi isə xaricdə milli atributumuz kimi, maddi-mənəvi dəyərlərimizi təbliğ etdirməklə sosial-mədəni məkan rolunu oynayır. Azərbaycan evləri bir ocağa çevrilib. Diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində çox mühüm işlər görülüb. Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların birliyi, bir araya toplanması, təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb. Ümummilli Lider daim Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşıb. Onlara öz dəstəyini əsirgəməyib. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. 

Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir. Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır". 1993-cü ildə Ümummillli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması və diaspor quruculuğu istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin hakimiyyətdə olduğu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görülüb. Türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr qurulub və birgə fəaliyyət strategiyası qəbul olunub. Heydər Əliyev "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" 2001-ci il 23 may tarixli mühüm əhəmiyyətli sərəncamı ilə milli diaspor quruculuğunun təməlini qoyub. Sözügedən sərəncama əsasən, həmin il noyabr ayının 9-10-da Bakıda dünya azərbaycanlılarının ilk qurultayı keçirilib. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilib. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi olub. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edirdi. 

2002-ci il 5 iyul tarixli Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi. Heydər Əliyevin diaspor quruculuğunda xidmətlərindən biri də xaricə səfərləri zamanı daim həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirməsi, onların problem və qayğıları ilə yaxından maraqlanması, tövsiyələrini verməsi olub. Bu görüşlər zamanı Heydər Əliyevin verdiyi tövsiyələr diasporumuzun güclənməsi, inkişaf etməsi və əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Heydər Əliyevin diaspor siyasətinin əsas mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirmək, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etmək idi. Əsasını Ümummilli Liderin qoyduğu diaspor siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanan müvafiq sərəncama uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. Bir il sonra - 2007-ci il martın 9-da Bakı daha bir mühüm tədbirə - Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumuna ev sahibliyi etdi. Bu Forum bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü. Bu ilin aprelində Dünya azərbaycanlılarının V qurultayının işğaldan azad olunan Şuşada keçirilməsi isə tarixi əhəmiyyət və rəmzi məna daşıyırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Məhz Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti bu reallığı mümkün etdi. 

  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında deyib ki, müasir dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi, soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. Ekspert bildirib ki, hazırda dünyanın müxtəlif ölkələrində 550-dən artıq Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir:

 "Azərbaycan hakimiyyətinin apardığı düzgün siyasətin nəticəsidir ki, həmin təşkilatlar bu gün problemsiz olaraq müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV ilə əlaqələrin qurulması çox mühümdür. 

Azərbaycan diasporu bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə səfərbər etməyə çalışmalıdır. Artıq sözdə deyil, əməldə diaspordan lobbiçiliyə keçmək lazımdır. Bu artıq diaspor qarşısında duran milli vəzifə və məsuliyyətdir.

 Ümumiyyətlə, Vətən müharibəsindən sonra diasporumuzun məsuliyyəti daha da artıb. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. 

Bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır".