Azər Həsrət: "Qardaş ölkə artıq dil siyasətində prioritetləri daha aydın müəyyən etməlidir"
Qırğızıstanda rus dilini öyrənən məktəblilərin sayı 1,5 milyon nəfərə çatıb. Bu barədə ölkənin təhsil və elm naziri Doqdurkul Kendirbayeva Moskvada keçirilən "Avrasiya – ənənəvi dəyərlər ərazisi" beynəlxalq forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Qırğızıstan ikidilli (bilinqval) ölkədir və rus dilinin statusu dövlətin əsas qanunu ilə qorunur:
"Qırğızıstan bilinqval ölkədir. Rus dili Konstitusiya ilə müdafiə olunur. Rus dili həm ünsiyyət, həm də elm dilidir".
Qırğızıstanda 1,5 milyon məktəblinin rus dilini öyrənməsi ölkənin bilinqval siyasətinin nəticəsi kimi təqdim edilsə də, bu göstərici bir sıra tənqidi məqamları da üzə çıxarır. Rus dilinin geniş yayılması təhsil və regional inteqrasiya baxımından müəyyən üstünlüklər yaratsa da, bunun milli qırğız dilinin inkişafına potensial mənfi təsiri tez-tez müzakirə olunur. Xüsusilə gənc nəsil arasında rus dilinə üstünlük verilməsi ana dilində akademik səviyyənin zəifləməsi riskini artırır. Bundan əlavə, bu tendensiyada Rusiyanın təsir amili də açıq şəkildə hiss olunur. Tarixi, siyasi və iqtisadi əlaqələr fonunda rus dilinin qorunması və təşviqi müəyyən mənada Moskvanın regiondakı yumşaq güc alətlərindən biri kimi qiymətləndirilir. Bu isə Qırğızıstanın təhsil və dil siyasətində tam müstəqil qərarvermə imkanlarının nə dərəcədə balanslı olduğu sualını gündəmə gətirir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, rus dili hələ də Qırğızıstanda rəsmi dildir və Konstitusiyada təsbit edilib:
“ İş ondadır ki, Qırğızıstan əhalisinin təxminən 4%-i rus millətinə mənsubdur. Halbuki, əgər doğrudan da Qırğızıstanda ikinci bir dilə ehtiyac varsa, bu, özbək dili olmalıdır. Çünki əhalinin 14-15%-i etnik özbəklərdir. Yəni necə olur ki, sayı daha çox olan özbəklərin dili rəsmi status ala bilmir, amma bir zamanlar Qırğızıstanı işğal etmiş, uzun illər onu nəzarətdə saxlamış Rusiyanın dili hələ də bu dövlətdə rəsmi statusa sahibdir? İkincisi, Qırğızıstanda həqiqətən də müəyyən dərəcədə rus meyilliliyi müşahidə olunur. Düzdür, son illərdə dəyişikliklər az deyil, amma yenə də rus dilinə və kimliyinə bağlılıq kifayət qədərdir. Bu da müəyyən mənada manqurtlaşdırma siyasətinin nəticəsi kimi qiymətləndirilir. Bizdə də bu siyasət aparılıb, sadəcə olaraq biz müəyyən qədər toparlanıb özümüzə dönməyi bacarmışıq, amma qardaş Qırğızıstanda bu proses hələ tam reallaşa bilmir. Hətta elə bir kəsim var ki, etnik qırğızlardır, lakin qırğız dilini bilmir. Eyni zamanda rus dilini ana dili sayaraq rus dilini müdafiə edir. Bu, bir anormallıqdır”.
Analitik qeyd edib ki, rus dilinin elm dili olması iddiası artıq əvvəlki çəkisini itirib:
“Bu gün beynəlxalq elmi kommunikasiya əsasən ingilis dili üzərindən aparılır. Sovet dövründə bizə rus elmi kimi təqdim edilən materialların bir qismi əslində başqa dillərdən, xüsusilə ingilis dilindən tərcümə olunmuş mənbələr idi. Sadəcə onlar rus dilinə çevrilərək ittifaq respublikalarına təqdim edilirdi. Ona görə də bu gün rus dilinin əsas elm dili olması iddiası geniş qəbul olunmur. Hazırda qlobal miqyasda aparıcı elm dili ingilis dilidir. Digər tərəfdən, qardaş Qırğızıstanda bir zamanlar türk məktəbləri geniş yayılmışdı və gənclər, uşaqlar türk dilində təhsil alırdı, türkcəni də yaxşı mənimsəyirdilər. Lakin sonradan məlum oldu ki, bu məktəblər Fətullah Gülən şəbəkəsinə aiddir. Buna görə də onların fəaliyyəti davam etdirilə bilmədi. Nəticədə bu istiqamətdə müəyyən boşluqlar yarandı.Ən önəmlisi isə odur ki, qardaş ölkə artıq dil siyasətində prioritetləri daha aydın müəyyən etməlidir. Dövlət siyasəti, rəsmi yazışmalar və kommunikasiya ilk növbədə qırğız dilində aparılmalıdır. Bunun üçün konstitusion dəyişikliklər məsələsi də müzakirə oluna bilər. Digər tərəfdən, rus dilinin dominant mövqeyi Qırğızıstanın latın əlifbasına keçidinə də müəyyən maneə yaradır. Göründüyü kimi, bir çox türk dövlətləri latın əlifbasına keçib və ya bu prosesi davam etdirir. Lakin Qırğızıstanda bu istiqamətdə ciddi addımlar hələlik müşahidə olunmur. Bu da müəyyən dərəcədə rus dilinin mövqeyi ilə əlaqələndirilir”.