"Benfika"nın baş məşqçisi Joze Mourinyo karyerasının perspektivi ilə bağlı suallara aydınlıq gətirib.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, daha əvvəl Mourinyo yaydan sonra da "Benfika"da qalmaq istədiyini, lakin gələcəyinin klubun rəhbərliyinin tutacağı mövqedən asılı olduğunu xüsusi vurğulamışdı.
"Vəziyyət hər kəsə məlumdur. Mövsüm başa çatdıqdan sonra əməkdaşlığı davam etdirmək və ya yollarımızı ayırmaq barədə qərar vermək üçün 10 gün vaxtımız olacaq. Demək istədiyim hər şeyi artıq bildirmişəm. Kifayət qədər - bəlkə də lazım olduğundan daha çox danışılıb, ona görə də təkrarlamağın heç bir mənası yoxdur. Bununla da məsələ bağlanır", - deyə Mourinyo qeyd edib.
Təcrübəli məşqçi "Real Madrid" və ya Portuqaliya Futbol Federasiyasından gələ biləcək ehtimal olunan təkliflərlə bağlı sualı isə belə cavablandırıb:
"Bu mövzuda başqa heç nə demək istəmirəm. "Benfika" barədə hər şeyi demişəm və əlavə şərh verməyəcəyəm".
63 yaşlı mütəxəssis Portuqaliya mətbuatında klub prezidenti Ruy Koşta ilə aralarında münaqişə olması barədə yayılan xəbərləri də qəti şəkildə təkzib edib.
Qeyd edək ki, portuqaliyalı mütəxəssisin "Benfika" ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Lakin razılaşmada hər iki tərəfin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi variantı da nəzərdə tutulub.