- Turizm sektorunda müşahidə olunan 11 faizlik geriləmədə, həmçinin iqtisadi aktivliyin sıfır faizə düşməsində quru sərhədlərinin bağlı qalmasının ciddi təsiri var
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin xüsusi karantin rejimini uzatması artıq cəmiyyətdə ciddi ikrah doğurur. Pandemiyanın aktiv mərhələsinin bitdiyi, əksər ölkələrin bütün məhdudiyyətləri aradan qaldırdığı və beynəlxalq sərhədlərin çoxdan açıldığı bir dövrdə Azərbaycanda bu rejimin formal şəkildə davam etdirilməsi haqlı olaraq ciddi narazılıq doğurur.
Sosial şəbəkələrdə və ictimai müzakirələrdə artıq bu qərar ironik şəkildə “avtomatik uzadılan karantin” kimi təqdim olunur. İnsanlarda belə bir fikir formalaşıb ki, xüsusi karantin rejimi real epidemioloji vəziyyətdən daha çox inzibati vərdişə çevrilib. Xüsusilə də ölkədaxili həyatın tam normallaşdığı, stadionların dolduğu, toyların keçirildiyi və hava nəqliyyatının sərbəst fəaliyyət göstərdiyi şəraitdə quru sərhədlərin bağlı qalması məntiqsiz görünür.
Karantin rejimi ilə bağlı ən böyük narazılıq da elə məhz quru sərhədlərin bağlı saxlanılması ilə bağlıdır. Çünki bu qərar illərdir sərhədyanı rayonların iqtisadi və sosial həyatına ciddi təsir göstərir. Qazax, Balakən, Zaqatala, Şəki, Astara və digər bölgələrdə sərhəd ticarətinin zəifləməsi, kiçik sahibkarlığın geriləməsi, turizm dövriyyəsinin azalması və insanların sərbəst hərəkət imkanlarının məhdudlaşması açıq hiss olunur. Minlərlə ailə üçün quru sərhədlərin bağlı qalması həm iqtisadi çətinlik, həm də sosial təcrid problemi yaradıb.
İqtisadçı Natiq Cəfərli Sherg.az-a bildirib ki, Azərbaycanda quru sərhədlərinin uzun müddətdir bağlı saxlanılması və bunun pandemiya ilə əsaslandırılması inandırıcılığını çoxdan itirib. Onun sözlərinə görə, bu hal sadəcə ölkə daxilində yox, dünya ölkələrində belə ciddi suallar yaradır:
“Daxildə həyat tam normallaşıb, hava nəqliyyatı işləyir, kütləvi tədbirlər keçirilir, amma quru keçidləri bağlı saxlanılır. Bu hansı məntiqə uyğundur? Problem tək bununla da bitmir. Quru sərhədlərinin bağlı qalmasının iqtisadi nəticələri açıq şəkildə hiss olunur. Turizm sektorunda müşahidə olunan 11 faizlik geriləmədə, həmçinin iqtisadi aktivliyin sıfır faizə düşməsində quru sərhədlərinin bağlı qalmasının ciddi təsiri var. Sərhədyanı ticarət zəifləyib, bölgələrdə iqtisadi dövriyyə aşağı düşüb, kiçik sahibkarlıq zərər görüb. Əslində bu problem çoxdan həll olunmalı idi. Çünki quru sərhədlərinin açılması iqtisadi aktivliyi artıran əsas amillərdən biri ola bilərdi. Təəssüf ki, proses uzana- uzana gedir və artıq hökumət inandırıcılığını itirib”.