Heydər Əliyev fenomeni
Dünya liderləri böyük şəxsiyyət haqqında dəyərli fikirlər səsləndirib
Tarixin yaddaşında əbədi iz qoymaq hər siyasi xadimin, dövlət başçısının taleyinə yazılan xoşbəxtlik deyil. Bütün həyatını xalqının işıqlı gələcəyinə, Azərbaycanının çiçəklənməsinə həsr etmiş böyük insan, dahi şəxsiyyət Heydər Əliyevi tarixdə əbədiləşdirən, ilk növbədə, onun Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə – dilinə, mədəniyyətinə və ədəbiyyatına olan hüdudsuz sevgisidir. Həmçinin onların qorunması və tərəqqisi uğrunda bütün dönəmlərdə apardığı taleyüklü mücadilələr, cəsarətli addımlar, Azərbaycanın bu günü naminə həyata keçirdiyi misilsiz və möhtəşəm layihələrdir. Azərbaycanın müasir tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda həyatın axarını dəyişib. Çoxəsrlik dövlətçilik tariximizdə dahi şəxsiyyət Heydər Əliyevin öz yeri, öz dəst-xətti var. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi. Azərbaycanın 34 illik dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Tarixə xalqımızın ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan ölkəmiz üçün çox vacib olan bir sərvət - azərbaycançılıq ideologiyasını yaratdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin yaradılmasına böyük diqqət verirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatlarının həyata keçirilməsi üçün ilkin şərt idi. Milli öndərimiz Heydər Əliyev gənc, müstəqil dövlətimizi demokratik inkişaf yoluna doğru istiqamətləndirdi. Qısa bir zaman ərzində dövlət quruculuğu sahəsində böyük irəliləyişlər əldə olundu.
Demokratiyanın inkişaf etməsi ilə insan hüquq və azadlıqlarının qorunması, milli şüurun yüksəldilməsi sahəsində mühüm dəyişikliklər baş verdi. Ölkə başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. O, Azərbaycanı müstəqil, demokratik, hüquqi, dünyəvi vətəndaş cəmiyyətinə əsaslanan qüdrətli bir dövlətə çevirmək üçün gecə-gündüz yorulmadan gərgin fəaliyyətə başladı. Ulu Öndərimiz milli-mənəvi dəyərlərimizin, irsimizin qorunub saxlanmasını, daha da inkişaf etdirilməsini vacib məsələ kimi irəli sürdü və bu təməl üzərində yeni, müasir Azərbaycan yaratdı. O, mənəvi zənginliyi xalqın ən böyük sərvəti hesab edir, xalqımızın intellektual səviyyəsinin yüksəldilməsinə xüsusi əhəmiyyət verirdi.
Ona görə də Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə elm və təhsilin müxtəlif sahələrini əhatə edən böyük ziyalı ordusu yetişdi. Mənsub olduğu xalq qarşısında Heydər Əliyevin böyük xidmətlərindən biri də Azərbaycan mədəniyyətini, milli-mənəvi irsini yaşadıb təbliğ etdirmək və onun üzərində müasir mədəniyyətimizin inkişafına nail olunmasıdır. Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar olub, demokratik-hüquqi dövlət quruculuğunda sanballı nailiyyətlər qazanılıb.
Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etdilər ki, ölkəmizdə milli tərəqqinin 30 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən üstün tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin yaratdığı fəlsəfi konsepsiyaların qayəsi Azərbaycanın müasir dünyada yerini və gələcəyini müəyyənləşdirməkdən ibarətdir. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Sevinirik ki, Ulu Öndərimizin siyasi kursu bu gün Prezident İlham Əliyevin titanik səyi və rəhbərliyi ilə uğurla davam edirilir. Son illər ölkəmiz daha sürətli inkişaf mərhələsinə qədəm qoyub. İqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyindədir.
Heydər Əliyev dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. XX əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyırdılar. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı.
Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçi idi.
Təsadüfi deyil ki, dünya liderləri və nüfuzlu rəsmi şəxslər Heydər Əliyev haqda maraqlı fikirləri ilə yadda qalıb. Dünya liderlərinin, tanınmış dövlət adamları və siyasi xadimlərinin, məşhur yazıçıların dediklərinə nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır. Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi yenidən göz önündə canlanır. Azərbaycan xalqının Ulu Öndərinə verilən bu yüksək qiymətin əsasında təkcə öz Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülh və tərəqqiyə verdiyi töhfələr dayanır. Məhz ona görə dünya liderləri Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırır, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirirdilər.
Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti Corc Buş: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olub. Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşıyıb. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olub. Eyni zamanda onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynayıb. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırıb və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaradıb".
Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyr:
"Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu".
Böyük Britaniyanın keçmiş kraliçası II Elizabet: "Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olub. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram".
Sabiq Roma Papası II İohan Pavel: "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutdu. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm".
Rusiyanın Prezidenti Vladimir Putin: "Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndirirdik. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan:
"Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl:
“Mənim Heydər Əliyevə böyük sevgim, hörmətim və ehtiramım var. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir. Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılıb. Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir. Atəşkəsə nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı. Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı. Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin, asayişin bərqərar olunmasıdır. Bu, asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir".
Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze:
"Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək. Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin “polad iradəli Əliyev” yazdığı kimi, o, həqiqətən də, polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlib, bir çox çətinliklərə sinə gərərək, Azərbaycanı böhranlı vəziyyətdən xilas edib. Azərbaycan xalqının əsl xoşbəxtliyi ondan ibarətdir ki, xalqın, dövlətin ən çətin, böhranlı vaxtında görkəmli siyasətçi, böyük şəxsiyyət cənab Heydər Əliyev məsuliyyəti öz üzərinə götürmüşdü".
Türkiyənin sabiq Prezidenti Abdullah Gül:
"Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir".
Türkiyənin keçmiş Prezidenti Əhməd Necdət Sezər: "Heydər Əliyevi şəxsən tanıdığıma görə şərəf hissi keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqazın sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaq".
Almaniyanın sabiq federal kansleri Gerard Şröder:
"Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirib. Onun adı ölkəsinin müstəqilliyinin bərqərar olması, qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaq”.
Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev:
“Görkəmli siyasi xadim, çox dərin zəkaya və heyranedici cazibə qüvvəsinə malik insan – Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdü”.
Özbəkistanın sabiq Prezidenti İslam Kərimov:
“Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir”.