Frankfurtda "Pegasus" təyyarəsinin uçuşu dayandırılıb

Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Frankfurt-Mayne hava limanında uçuş-enmə zolağına yanlış istiqamətdə çıxdığı üçün qalxış prosesi təcili dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi Almaniyanın Uçuş Təhlükəsizliyi Xidmətinin (DFS) nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə İstanbula uçmağa hazırlaşan “Airbus A321” təyyarəsi ilə baş verib. Məlumata görə, dispetçerlər ekipajın səhvini vaxtında aşkar edərək qalxışın dayandırılması barədə göstəriş veriblər. Həmin vaxt təyyarənin sürəti saatda təxminən 65 kilometr olub. Bundan sonra dispetçerlər təyyarənin uçuş-enmə zolağından çıxarılmasını təmin ediblər.

“The Aviation Herald” portalının məlumatına əsasən, təyyarəyə 18 nömrəli uçuş-enmə zolağından cənuba doğru qalxmağa icazə verilib. Lakin pilotlar hərəkət yolundan uçuş-enmə zolağına çıxarkən təyyarəni şimala doğru istiqamətləndiriblər.

DFS nümayəndəsi hadisəni “həqiqətən fövqəladə hal” adlandırıb və Almaniyada belə halların olduqca nadir baş verdiyini bildirib. Bununla belə, o, vəziyyətin yerüstü xidmətlərin tam nəzarətində olduğunu və sərnişinlərin təhlükəsizliyi üçün real təhdidin yaranmadığını vurğulayıb.

Almaniyanın Uçuş Təhlükəsizliyi Xidməti hadisə ilə bağlı materialları Braunşveyqdə yerləşən Federal Aviasiya Hadisələrinin Araşdırılması Bürosuna (BFU) göndərib. Qurum yoxlama apararaq rəsmi araşdırmanın başlanmasına ehtiyac olub-olmadığını müəyyənləşdirəcək.