Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarıb
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir".
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat vurğulayıb ki, xalqımız tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparsa da, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu olaraq bu arzusuna çatıb:
"Hələ 1991-ci il 18 oktyabr tarixində imzalanan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan edib:
"Lakin dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub-saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşıyırdı. Xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməyib. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac verib. Qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaradıb. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki özbaşınalığın kulminasiya həddinə yetişməsi idi".
Patrlament üzvü bildirib ki, belə mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarıb:
"Çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olub. Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılıb. Respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilib. Vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atılıb. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi olub. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaradıb".
Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkib:
"Bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayıb. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin edib, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulub. Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaradıb. Ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilib. Siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat və vicdan azadlıqları bərqərar olunub. Ulu Öndərin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” deyimi Konstitusiyanın 1-ci maddəsində təsbit edilib.
Bu gün Ulu Öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən cənab İlham Əliyev son 17 ildə Azərbaycanın güclü, dinamik inkişaf edən və bütün beynəlxalq qurum və təşkilatlar tərəfindən nüfuzlu tərəfdaş kimi qəbul edilən bir dövlətə çevrilməsini təmin edib".
M.Cəfərov bildirib ki, son illərdə respublikamızın hüquqi dövlət quruculuğu sahəsində fəaliyyət imkanlarının genişlənməsi ilk növbədə dinamik iqtisadi uğurlarla şərtlənir:
"Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi, ölkəyə xarici investisiya axınının sürətlənməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, regionların tərəqqisi, cəmiyyətdə işgüzar maddi fəallığın pozitiv nəticələri ölkənin maliyyə imkanlarının artmasında özünü göstərir. İqtisadi sahədə keçid dövrünün başa çatması, dövlətçilik sütunlarının möhkəmlənməsi respublikamızda demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsini ciddi tələb kimi önə çıxarır. Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi və Heydər Əliyev ideyalarından qaynaqlanan uğurlu siyasət sayəsində Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq".