Londondan Sofiyaya uçan "Wizz Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə bomba olması barədə məlumat daxil olduqdan sonra marşrutunu dəyişərək Budapeştdə məcburi eniş edib.
Sherg.az xəbər verir ki, bu barədə “Daily News Hungary” nəşri məlumat yayıb.
Məlumata görə, Airbus A321neo tipli təyyarə Bosniya və Herseqovina üzərində olarkən istiqamətini dəyişib və Macarıstanın paytaxtında eniş üçün icazə istəyib. Macarıstanın “Gripen” qırıcıları havaya qalxaraq sərnişin təyyarəsini Ferents List adına hava limanına qədər müşayiət edib.
Təyyarə yerli vaxtla saat 12:08-də təhlükəsiz şəkildə eniş edib. Hadisə yerinə polis, təcili yardım və antiterror bölmələri cəlb olunub. Təyyarə və sərnişinlərin yoxlanılması üçün xüsusi dayanacağa aparılıb.
"Wizz Air"dən bildirilib ki, təyyarə təhlükəsizlik protokollarına uyğun olaraq marşrutunu dəyişib və təhlükəsiz eniş edib. Enişdən sonra müvafiq qurumlar tərəfindən zəruri yoxlamalar aparılıb.