- Jurnalistə hücum cəmiyyətin informasiya almaq hüququna hücumdur
- “Redaksiya öz əməkdaşının arxasında dayanmalıdır”
Jurnalistlərin informasiya əldə etmək istəyərkən fiziki zorakılığa məruz qalması ilə bağlı son hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu günlərdə REAL TV, Space TV və APA TV əməkdaşlarının peşə fəaliyyətlərini həyata keçirərkən hücumla üzləşməsi jurnalistlərin təhlükəsizliyi və informasiya əldə etmək hüququ məsələsini yenidən gündəmə gətirib.
Baş verənlər bir daha göstərir ki, jurnalistin hadisə yerində sual verməsi, məlumat toplaması və cəmiyyətə həqiqəti çatdırmağa çalışması heç bir halda zorakılıqla qarşılanmamalıdır. Jurnalistə qarşı fiziki müdaxilə təkcə onun şəxsi hüquqlarının deyil, həm də ictimaiyyətin informasiya almaq hüququnun pozulması deməkdir. Bu baxımdan, belə halların qarşısının alınması, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi və jurnalistlərin peşə fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələsi aktuallıq qazanır.
Jurnalistlərə qarşı bu cür halların intensivləşməsi nə ilə bağlıdır?
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media ekspert Müşfiq Ələsgərli Sherg.az-a açıqlamasında burada xüsusi bir intensivləşmə müşahidə etmədiyini deyib. Onun sözlərinə görə, ayrı-ayrı hadisələr təsadüfən zaman baxımından üst-üstə düşüb: 
“ REAL TV-nin əməkdaşı 255 nömrəli məktəbdə baş vermiş bədbəxt hadisəni işıqlandırmaq, APA TV-nin əməkdaşı isə bazarda baş vermiş yanğınla bağlı məlumatları araşdırmaq istəyib. Yəni hər iki insident konkret hadisələrin işıqlandırılması zamanı baş verib. Lakin burada xüsusi diqqət yetirilməli olan iki mühüm məqam var. İlk növbədə nəzərə almaq lazımdır ki, jurnalistika öz mahiyyətinə görə daim müəyyən müqavimətlə üzləşən fəaliyyət sahəsidir. Bu, dünyanın hər yerində belədir. Jurnalistlər hadisələrin mahiyyətini, həqiqətini araşdıraraq cəmiyyətə çatdırmağa çalışırlar. Hadisələrdə maraqlı tərəflər isə çox zaman həmin həqiqətlərin üzə çıxmasında maraqlı olmur, faktları gizlətməyə və ya ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışırlar. Nəticədə jurnalistlərlə hadisələrin digər iştirakçıları arasında müəyyən qarşıdurmaların yaranması qaçılmaz olur. Amma burada Azərbaycanın media mühiti üçün daha ciddi hesab etdiyim başqa bir problem var. Biz çox zaman jurnalistlərin özlərinin və ya çalışdıqları redaksiyaların peşə fəaliyyəti zamanı qarşılaşdıqları təzyiq və zorakılıq hallarını ictimailəşdirmədiklərinin şahidi oluruq. Hadisə baş verir, jurnalist öz peşə fəaliyyətini həyata keçirərkən təzyiqlə üzləşir, bəzən hətta fiziki xəsarət alır. Lakin çalışdığı redaksiya bu barədə ictimaiyyətə məlumat vermir. Halbuki jurnalistin özü baş verən hadisə ilə bağlı sübutları qoruyub saxlamasa, redaksiya həmin faktları ictimailəşdirməsə və öz əməkdaşının hüquqlarını müdafiə etməsə, kənardan başqa heç kimin bu məsələyə müdaxilə etməsi və prosesi irəli aparması mümkün olmayacaq. Ona görə də ilk növbədə jurnalistin özü və çalışdığı redaksiya baş verənləri ictimailəşdirməli, faktları və sübutları ortaya qoymalıdır. Növbəti mərhələdə isə jurnalist təşkilatları prosesə qoşulmalı, ictimai reaksiyanın formalaşmasına və jurnalistin hüquqlarının müdafiəsinə dəstək verməlidirlər. Beləliklə, məsələ hüquqi müstəvidə öz həllini tapmaq istiqamətində irəliləyə bilər.Bu baxımdan mən Mirşahin Ağayevə və Vüsalə Mahirqızına xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki onlar bir sıra digər redaksiyalardan fərqli olaraq, öz əməkdaşlarının hüquqlarını müdafiə etmək və baş verən hadisələri ictimailəşdirmək mövqeyi nümayiş etdirdilər”.
M. Ələsgərli qeyd edib ki, baş vermiş insident qarşı tərəfin hüquqazidd davranışı nəticəsində meydana çıxıb. Məhz buna görə də redaksiya rəhbərləri öz əməkdaşlarının arxasında dayanır, onların hüquqlarını müdafiə edir və məsələnin ictimailəşməsinə şərait yaradırlar. Bu isə nəticə etibarilə jurnalistin hüquqlarının müdafiəsi istiqamətində mühüm addımdır:
“Sözügedən redaksiyaların və jurnalistlərin bu hadisələrdə heç bir təqsiri yoxdur. Onlar Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində təsbit olunmuş informasiya əldə etmək hüququna, müvafiq qanunvericiliyin, o cümlədən Media haqqında Qanunun tələblərinə uyğun olaraq öz peşə fəaliyyətlərini həyata keçiriblər. Lakin qarşı tərəfdən hüquqazidd və təxribat xarakterli davranışlarla üzləşiblər. Hesab edirəm ki, jurnalist təşkilatları bu hadisələrə zəruri reaksiyanı veriblər. Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi də müvafiq bəyanatlarla çıxış ediblər. Növbəti mərhələdə hüquq-mühafizə orqanları baş vermiş hadisələri obyektiv və hərtərəfli araşdırmalı, nəticələrinə uyğun hüquqi qiymət verməlidirlər. Bu prosesin davamında jurnalist təşkilatlarının da öz mövqelərini qoruyub saxlaması və zərurət yarandıqca ictimai nəzarət mexanizmlərini işə salması vacibdir. Çünki söhbət təkcə ayrı-ayrı jurnalistlərin hüquqlarının pozulmasından getmir. Burada bütövlükdə cəmiyyətin informasiya almaq hüququndan, media azadlığından və jurnalistlərin öz peşə fəaliyyətlərini təhlükəsiz şəkildə həyata keçirə bilməsindən söhbət gedir”.