Himayədarları təlimat verib


Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır

"Bu dəfə veriləcək sərt hərbi reaksiyadan Ermənistanı ABŞ, Fransa və Avropa Birliyinin mülki müşahidəçiləri xilas edə bilməyəcək"

  Ermənistanın sərhəd ərazisində təxribata hazırlıq gördüyü haqda daha bir görüntü yayılıb. Sosial şəbəkələrdə yayılan videolarda erməni hərbçilərdən ibarət yük maşınlarının sərhədə istiqamət aldığı aydın görünür. Qeyd edək ki, bundan öncə Azərbaycan MN Ermənistanın sərhədə artilleriya və canlı qüvvə yığdığını açıqlamışdı. Rəsmi Bakı yaşana biləcək növbəti qarşıdurmaya görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşəcəyini vurğulamışdı. Ermənistan MN isə bu faktı təsdiq edərək, “cavab tədbiri” olduğunu bildirmişdi. 

Daha sonra isə sosial şəbəkələrdə muzdlu hərbçilərin və işlənmiş avtomobil şinlərinin sərhədə daşındığını əks etdirən görüntülər də yayılmışdı. Bəzi şərhçilərə görə, Ermənistan bu addımları ilə sərhəddə fəailiyyət göstərən AB-nin missiyasında Azərbaycanın “təcavüzkar” fəaliyyətləri barədə rəy yaratmaq istəyir. 

  Politoloq Elçin Xalidbəyli "Şərq"ə bildirib ki, Ermənistanın genişmiqyaslı hərbi təxribatlara hazırlaşdığı artıq qətiyyən şübhə doğurmur. Ekspert vurğulayıb ki, böyük ehtimalla bu hərbi təxribatlar yenə də beynəlxalq himayədarların təlimatlarından qaynaqlanır: 

"Xüsusilə də, ABŞ və Fransanın Cənubi Qafqazda genişmiqyaslı hərbi münaqişədə maraqlı olduğunu düşünmək üçün ciddi əsaslar mövcuddur. Çünki Minsk Qrupunun fəaliyyətini dayandırmasından sonra bu iki ölkənin Cənubi Qafqazda hər hansı ciddi təsir mexanizmi qalmayıb. Yalnız Rusiyanın for-postu olan Ermənistanın "sürüşkən xarici siyasət" davranışları ilə Cənubi Qafqazda yerləşmək mümkün deyil. Ona görə də ABŞ və Fransa Ermənistandan "geopolitik alət" kimi istifadə edərək, Cənubi Qafqazda hərbi-siyasi qarışıqlıq yaratmaq və regiona yeni təsir mexanizmi formalaşdırmağa çalışırlar.

  ABŞ və Fransa Cənubi Qafqazda yeni hərbi münaqişə ilə Rusiyanı regiondan tamamilə sıxışdırıb, çıxartmaq niyyəti güdür. İlk növbədə regional proseslərdən Rusiyanın kənarlaşdırılması, ardınca isə Ermənistanda olan Rusiya hərbi bazalarının çıxarılmasına nail olmaq əsas hədəf kimi görünür. Yəni Ermənistan bu prosesdə sadəcə, "geopolitik alət" rolunu oynayır. Paşinyan hakimiyyəti ümid bəsləyir ki, əgər, ABŞ və Fransanın təlimatlarını yerinə yetirsə, Ermənistan üçün yeni geopolitik imkanlar açıla bilər. Rəsmi İrəvan ABŞ və Fransanın dəstəyini qazanmaqla, regional sülh prosesində daha sərfəli situasiya qazanmaq istəyir.

  Digər tərəfdən, Paşinyan hakimiyyəti onu da anlayır ki, hərbi təxribatlar törətsə belə, Azərbaycanın hərbi qüdrəti qarşısında uzun müddət tab gətirə bilməz. İstənilən halda, ağır məğlubiyyətə məhkumdur".

E.Xalidbəylinin fikrincə, rəsmi İrəvanın hərbi təxribatları məhz ABŞ və Qərbin regiona siyasi müdaxilə cəhdlərinə paralellik təşkil edir:

 "Paşinyan hakimiyyəti sərhəd bölgəsində silahlı toqquşmalarla Ermənistanın təhlükəsizliyinə beynəlxalq təminat mexanizmləri yarada biləcəyini düşünür. Buna nail olmaqla, sülh danışıqlarında qüvvələr nisbətini balanslaşdırmağı planlaşdırır. Son günlər Paşinyan hakimiyyəti hətta bölgədə hələ rəsmən fəaliyyətə başlamamış Avropa Birliyinin mülki müşahidəçilərinin uzunmüddətli və yaxud daimi qalmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Ardınca isə bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin gətirilməsi ilə bağlı niyyətinin olduğunu da bildirir. Təbii ki, bütün bunlar Ermənistan üçün olduqca təhlükəli "geopolitik oyunlar"dır. Çünki Ermənistanın ABŞ və Fransa üçün "geopolitik alət" rolunu oynamasına Azərbaycan, Türkiyə və Rusiyanın verəcəyi reaksiya bu ölkənin gələcək taleyi baxımından, həlledici xarakter daşıya bilər. Hər halda ABŞ və Fransa regionda yerləşməyə çalışsa da, Cənubi Qafqazda Azərbaycan-Türkiyə İttifaqı və Rusiya əsas geopolitik iradə mərkəzləridir. Üstəlik, Ermənistanın ABŞ və Fransa üçün "geopolitik alət" rolunu oynamasına münasibətdə Azərbaycan-Türkiyə İttifaqı və Rusiyanın maraqları böyük ölçüdə uzlaşır. Və bu, Ermənistan üçün sonun başlanğıcına çevrilə bilər".

  Ekspertə görə, bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin yeni hərbi təxribatlara hazırlaşması Ermənistan üçün bumerang effekti verə bilər:

 "Azərbaycan-Türkiyə İttifaqı və Rusiya Cənubi Qafqazı Ermənistanın himayədarlarına verməzlər. Zamanı çatanda ən sərt addımlar ata bilərlər. Yəni rəsmi İrəvanın növbəti hərbi təxribatlarının Ermənistan üçün sonuncu cəhd olacağı qətiyyən şübhə doğurmamalıdır. Bu dəfə veriləcək sərt hərbi reaksiyadan Ermənistanı ABŞ, Fransa və Avropa Birliyinin mülki müşahidəçiləri xilas edə bilməyəcək".