İki əsgərimiz Azərbaycana təhvil veriləcək - Nə vaxt?
Ümid edirik, Brüssel də, Şarl Mişel də görüşlərdə verilən sözlərin qarantı kimi çıxış edəcək
Brüssel görüşündən sonra əsir və girovların qarşılıqlı dəyişdirilməsi ilə bağlı gözləntilər artıb
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilmiş üçtərəfli görüşdə əsir və girovların dəyişdirilməsi məsələsi də müzakirə olunub. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib. O bildirib ki, danışıqlarda saxlanılanlar məsələsi də müzakirə edilib: "Liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqlədilər. Bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq. Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı olduğumu bildirdim. Həmçinin, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım". Xatırladaq ki, aprel ayında Naxçıvanın Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitindən dolayı yolu azaraq qarşı tərəfə keçmiş hərbi qulluqçular - Aqşin Bəbirov və Hüseyn Axundov saxlanılaraq saxta ittihamlarla mühakimə olunublar. Hər iki əsgərimiz "cinayətkar və diversant" ittihamları ilə həbs olunub.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, sonuncu görüşdən və verilən bəyanatlardan sonra əsir və girovların qarşılıqlı dəyişdirilməsi ilə bağlı gözləntilər artıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin bəyanatından Brüssel görüşünün pozitiv atmosferdə keçməsi aydın olur:

"Təsadüfi deyil ki, görüşdən sonra Ermənistan mediasında İrəvan hökuməti sərt tənqid atəşinə tutuldu. Görünür, Baş nazir Nikol Paşinyan görüşdə daha konstruktiv mövqe nümayiş etdirib. Əsir və girovlar məsələsinin də görüşün əsas müzakirə predmeti olması müsbət haldır. Naxçıvan istiqamətində sərhədi keçən və Ermənistan tərəfində əsir edilən iki əsgərimizin dəyişdirilməsi gözləniləndir. Ancaq bunun ən tez zamanda baş verəcəyini də əminliklə söyləmək çətindir. Çünki adətən Ermənistan bəzi görüşlərdə formal olaraq pozitivlik nümayiş etdirir. Sonradan isə sözündən geri durur və əlavə təxribatlara əl atır. Günlərdir şərti sərhədlərdə, o cümlədən Qarabağda baş verən təxribatlar da Ermənistanın güvənilir tərəfdaş olmadığını göstərir. Buna rəğmən, inanmaq istəyirik ki, iki əsgərimiz Azərbaycana təhvil veriləcək. Ümid edirik, Brüssel də, Şarl Mişel də görüşlərdə verilən sözlərin qarantı kimi çıxış edəcək. Rəsmi Bakının humanist jestləri kifayət qədər çox olub. Əfsuslar ki, qarşı tərəfdən bunun qarşılığını görməmişik. Şübhə yox ki, İrəvanın əsir etdiyi, saxta ittihamlarla həbsə atdığı əsgərlərimizi Azərbaycana qaytarması sülh prosesinə müsbət ab-hava qatacaq".