"Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə görüşü zamanı Rzainin diplomatik etiketə uyğun olmayan davranışı diqqət çəkdi".
Bunu Sherg.az-a Milli Cəbhə partiyasının başqanın müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Möhsün Rzai SEPAH generallarından biridir və məlumdur ki, SEPAH-ın Azərbaycana münasibəti uzun müddətdir birmənalı deyil:

"Bu qurumun nümayəndələri dəfələrlə Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdiriblər. Möhsün Rzainin görüş zamanı salamlaşma tərzi də bu yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Şahin Mustafayev İran Prezidenti tərəfindən yüksək səviyyədə qarşılanıb və Azərbaycan-İran münasibətlərinin inkişafına verilən önəm bir daha ifadə olunub. Lakin prezident səviyyəsində nümayiş etdirilən münasibətlə SEPAH generalının davranışı arasında müəyyən fərqin olduğu görünür. Bu da İran daxilində Azərbaycanla münasibətlərə fərqli yanaşmaların mövcudluğunu göstərir. İran tərəfi hər zaman Azərbaycanla dostluq və qardaşlıq münasibətlərindən danışır. Lakin Azərbaycan üçün əsas olan yalnız bəyanatlar deyil, konkret davranışlar və real münasibətlərdir. Son hadisə də göstərir ki, İranın siyasi sistemində Azərbaycanla münasibətlərə fərqli yanaşan qüvvələr mövcuddur".
Politoloq qeyd edib ki, Azərbaycan öz coğrafi mövqeyindən və həyata keçirdiyi siyasətdən irəli gələrək regionda sülhün, təhlükəsizliyin, nəqliyyat əlaqələrinin və iqtisadi inteqrasiyanın inkişafında maraqlıdır:
"Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan İran ilə Rusiya arasında mühüm tranzit əlaqələrinin formalaşmasına töhfə verir. Eyni zamanda, ABŞ-İran qarşıdurması dövründə Azərbaycan İrana siyasi və humanitar dəstəyini nümayiş etdirib. Bu baxımdan, İranın Azərbaycanla normal və qarşılıqlı faydalı münasibətlər sistemi qurması hər iki ölkənin maraqlarına uyğundur. Bu gün İran ciddi iqtisadi, sosial və təhlükəsizlik problemləri ilə üz-üzədir və beynəlxalq təcrid də bu problemləri daha da dərinləşdirir. İran daxilində siyasi gərginliyin davam etməsi isə ölkənin gələcək sabitliyi baxımından əlavə risklər yaradır. Belə bir şəraitdə İranın qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərini qarşıdurma deyil, qarşılıqlı əməkdaşlıq və etimad üzərində qurması daha konstruktiv yanaşma olardı. Amma, İranın hərbi elitası tam əks -mövqe nümayiş etdirərək ölkəni dərin strateji böhrana yuvarlayır. İran Azərbaycana nümayiş etdirdiyi bu davranışın cavabını almalıdır".