İranın casus şəbəkəsinə qarşı əməliyyatlar başladı

Bakıda və respublikanın digər bölgələrində 7 nəfər şübhəli şəxs qismində tutulub

Azər Həsrət: ""İranın səfirliyinin dostları" kimi işləmək şübhə doğurmaya bilməz. Jurnalist hansısa səfirliyin dostu ola bilməz"

  Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında "SalamNews" informasiya agentliyi və “İnteraz” da olub. Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər şübhəli şəxs qismində tutulub. Bu informasiya resurslarının İrana bağlı olduğu, molla rejiminin təbliğatını apardığı bəllidir. Ekspertlərin fikrincə, iki media resursunu İranın informasiya şəbəkəsindəki digər resurs və platformalardan fərqləndirən bir neçə məqam var. 

Məsələn, adı çəkilən saytlar xəbər siyasətində açıq və radikal xətdən istifadə etmir. İran rejiminin xeyrinə təbliğat gündəlik xəbərlər üzərindən həyata keçirilir. Eyni zamanda İranla bağlı hansısa neqativ informasiyalar gündəmə gəldikdə, ictimai rəyə pozitiv informasiyalar ötürülür. Qeyd olunur ki, hər iki media resursunun İran rejiminə bağlılığını təkcə informasiya siyasəti yox, həm də maliyyə mənbələri də təsdiq edir. Məlumat üçün bildirək ki, “İnterazTv” 2002-ci ildə Moskvada təsis olunub. İlk təsisçi və prezidenti mərhum jurnalist Saleh Xudiyevdir və yarandığı vaxt əsas hədəfi Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği olub. Lakin məlumatlara görə, sonradan İran rejimi kanalı ələ keçirib. Kanalda molla rejiminin ideoloji xəttinə uyğun dini verilişlər yayımlanır, xəbərlər həm bölgədə, həm dünyada rəsmi Tehranın mövqeyinə uyğun tirajlanır. Məlumatlara görə, İran rejimi kanalı ələ keçirdikdən sonra maliyyələşmə və nəzarət işini Hacı Mətləb Bağırov adlı şəxs həyata keçirib. Əslən Cəlilabad rayonundan olan Mətləb Bağırov Qumda təhsil alıb. Daha sonra Moskvada biznes qurub, əsasən Rusiyada yaşasa da, İrana intensiv səfərlər edir və Qum şəhərində dini mövzularda tələbələrə moizələr oxuyur. O cümlədən, onun Tale Bağırzadə və dəstəsi ilə sıx əlaqələrinin olduğu deyilir. Sosial şəbəkə platformalarında çıxışlar edən M.Bağırov İran rejiminin əsas təbliğatçılarındadır. Faktlar təsdiq edir ki, İran rejiminin Azərbaycanda əsas təbliğatçısı olan media resursları hələ də qalmaqdadır. 

Bu arada “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin məqaləsində bildirilib ki, "İran” adlanan ölkənin kütləvi təbliğat vasitələrinə istinadla feyk xəbərlər, təxribat xarakterli məlumatlar yayımlanır. Ekspert deyib ki, bəzi saytlar molla rejiminin sosial platformalardakı casus şəbəkəsinin yaydığı feyk xəbərlərin, təxribat xarakterli məlumatların qarşısını almaq əvəzinə, Tehranın təbliğat-təxribat kontentlərinə istinad edir: “İran adlanan ölkənin Azərbaycandakı səfirliyinin ölkəmizdəki media resursları ilə daim əlaqədə olmaq üçün yaratdığı vatsap qrupu var. Yanılmıramsa, “İran səfirliyinin dostları” adlanır. Terror aksiyasından sonra bəzi həmkarlarımız bu qrupu tərk edib, amma hələ də 60-dan çox media resursunun təmsilçisi “İran səfirliyinin dostu” olmaqda davam edirlər. 

Onlara qaniçən molla rejiminin hakimiyyəti qəsb etdiyi günün ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətnamələr də göndərilib və məmnuniyyətlə qəbul ediblər". Baş redaktor qeyd edib ki, molla rejiminin Azərbaycan mediasındakı və sosial platformalardakı “azərbaycanlı” şəbəkəsi ilə bağlı ciddi araşdırma aparılmalıdır. İranın ideoloji zəhərini ölkə mediasının “qan damarlarından” çəkib çıxarmaq lazımdır". 

  Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət "Şərq"ə deyib ki, Azərbaycanda İranın təbliğat maşınına çevrilmiş, ruhunu satmış xeyli sayda insan var. Onun sözlərinə görə, belə şəxslərin çoxu ictimai rəydə, göz önündədir:

 "Azərbaycanı İranın ayağına vermək üçün dəridən-qabıqdan çıxırlar. Təsəvvür edin, həmin adamlar Azərbaycan vətəndaşıdır, amma İran üçün işləyirlər. Çünki fars-molla rejiminin təbliğat aləti kimi istifadə olunmalarına razılıq veriblər. Könüllü şəkildə təbliğat vasitəsinə çevriliblər. İndi baş verən hadisələr fonunda bu məsələnin ictimailəşdirilməsi tam yerinə düşür. Əlbəttə, informasiya almaq baxımından bir sıra həmkarlarımızın bu və ya digər şəkildə səfirliklərlə işləməsi normaldır. Bunu qəbul edirik. Amma "İranın səfirliyinin dostları" kimi işləmək şübhə doğurmaya bilməz. Jurnalist hansısa səfirliyin dostu ola bilməz. Ünsiyyətin ola bilər, lakin "səfirliyin dostu" başqa söhbətdir. Tutaq ki, bilməyiblər, fərqində olmayıblar. Bəs son günlər yaşananlardan sonra niyə yenə də "İran səfirliyinin dostu" olaraq qalıblar?! Hansı dostluqdan söhbət gedə bilər? Azərbaycan səfirliyinə hücum olub və bütün faktlar, təhlillər göstərir ki, bunun arxasında İran dövləti olub. Bu məsələdə həyəcan təbili çalanlar haqlıdır. Həmkarlarımız bunun üzərinə getməklə doğru edirlər".