İşğaldan azad edilmiş ərazilərdə hüquqlar mina altında qalır
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Beynəlxalq hüquq susmamalıdır
Azərbaycanda hüquqi cəmiyyət formalaşır
Azadlıqların infrastrukturu quruldu, indi onu yaşatmaq zamanıdır
İnsan hüquqları hər bir fərdin doğuluşdan malik olduğu, toxunulmaz və ümumbəşəri dəyərlər toplusudur. Bu hüquqların qorunması, təminatı və inkişaf etdirilməsi demokratik cəmiyyətlərin əsas prinsiplərindən sayılır. Azərbaycan Respublikasında iyunun 18-i məhz bu dəyərlərin dövlət səviyyəsində təşviqinə və möhkəmləndirilməsinə həsr olunub. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib və bu mühüm hadisə Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan Hüquqları Günü” kimi rəsmiləşdirilib.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi müəyyənləşdirilməsini təsdiqləyib. Konstitusiyanın əsası birbaşa insan hüquqları və azadlıqlarının təmin olunmasına yönəlib. Bu, dövlətin hüquqi və demokratik əsaslarda formalaşmasının mühüm mərhələsi olmaqla yanaşı, bütün digər qanunverici və icraedici fəaliyyətlər üçün əsas istiqamətverici sənəd rolunu oynayır.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsində mühüm addımlardan biri Ombudsman təsisatının yaradılması olub. Bu istiqamətdə ilk əsas addım 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən verilən fərman və sərəncamlarla atılıb. Nəticədə 2001-ci il dekabrın 28-də Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. 2002-ci ildə isə bu institutun fəaliyyəti üçün normativ-hüquqi və maddi baza formalaşdırılıb. Ombudsman təsisatı insan hüquqlarının müdafiəsində müstəqil və operativ nəzarət mexanizmi kimi çıxış edir.
Azərbaycan insan hüquqları sahəsində bir çox beynəlxalq hüquqi sənədlərə qoşulub, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirib. Xüsusilə 1998-ci ilin avqustunda Azərbaycan Hökuməti ilə BMT arasında imzalanan “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum bu sahədə beynəlxalq dəstəyin institusional əsaslarını möhkəmləndirib. Bununla yanaşı, 2012-ci ildə qəbul edilmiş “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunmasına dair strateji yanaşmaları əhatə edir.
Son illərdə həyata keçirilən islahatlar çərçivəsində penitensiar sahədə mühüm dəyişikliklər baş verib. Ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə alternativ cəza tədbirlərinin tətbiq dairəsi genişləndirilib, azadlıqdan məhrumetmə ilə bağlı olmayan tədbirlərə üstünlük verilməyə başlanıb. Bu islahatlar cəza siyasətinin humanistləşdirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı il dekabrın 28-də qəbul edilən “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə ardıcıl siyasətin təməlini qoyub. Hazırda da Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi və insan hüquqlarının qorunması üzrə səylər davam etdirilir. Bu siyasət, eyni zamanda, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasını, hüquq-müdafiə institutlarının gücləndirilməsini və cəmiyyətin hüquqi maarifləndirilməsini əhatə edir.
Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində atılmış addımlar, həyata keçirilən hüquqi islahatlar və beynəlxalq hüququn normalarına uyğunlaşdırılmış mexanizmlər bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil edir. 18 İyun – İnsan Hüquqları Günü bu sahədə atılmış mühüm addımların, hüquqi inkişafın və demokratik cəmiyyət quruculuğunun təntənəsi kimi qeyd olunur. Bu gün dövlət siyasətində insan hüquqlarının qorunması ali dəyər olaraq qalır və bu istiqamətdə islahatların davam etdirilməsi Azərbaycanın hüquqi və demokratik inkişafının zəruri tərkib hissəsidir.
Qeyd edək ki, dünən Bakıda “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.
Simpoziumda çıxış edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva qeyd edib ki, qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır: “Bu baxımdan, Konstitusiyada insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, habelə bu ali məqsədin həyata keçirilməsində məsul olan, konstitusion statusa malik Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür”.
Ombudsman bildirib ki, konstitusiyanın əsas məqsədlərindən biri dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunmasıdır. Bu amillər demokratik dövlətin mövcudluğunun və institusional davamlılığının, onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərtləri kimi çıxış edir:
“Ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkməkdədir. İşğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur. Ombudsman təsisatı olaraq qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir, normativ-hüquqi akt layihələrinə dair tərəfimizdən rəy və təkliflər verilir, habelə qanunların qəbul edilməsi, ləğv edilməsi və ya onlarda dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə təkliflər təqdim olunur”.
S.Əliyevanın sözlərinə görə, Ombudsman və milli insan hüquqları təsisatlarının məhkəmə orqanları ilə əməkdaşlığı qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verir. Bu əməkdaşlıq, hüquqi problemlərin sistemli şəkildə aşkarlanmasına, hüquq və azadlıqların müdafiəsi üzrə preventiv və effektiv tədbirlərin görülməsinə şərait yaradır, insan hüquqlarının institusional müdafiəsini gücləndirir. Konstitusiya Məhkəməsi ilə əməkdaşlığımız öz növbəsində qanunun aliliyinin təmin edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə və hüquq müdafiə mexanizmlərinin effektivliyinin artırılmasına xidmət edir".
“Ölkəmizdə insan hüquqlarının qorunması ali dəyərə çevrilib. İnsan hüquqlarının qorunması uğurla həyata keçirilən prosesdir. Bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib. O bildirib ki, insan hüquqlarının qorunması Azərbaycan dövlətinin öz qarşısına qoyduğu, uğurla həyata keçirdiyi ən önəmli vəzifələrdən biridir.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə Sherg.az-a açıqlamasında qeyd edib ki, müasir cəmiyyətlərin əsas göstəricilərindən biri onların qanunlar əsasında idarə olunmasının təşkil edilməsidir:
“Bu qanunlar insanlar üçün çox sadə qanunların verilməsini təmin etməkdədir. Sadə hüquqlar dedikdə ilk növbədə bərabərliyin təmin edilməsi, ləyaqətin, hörmətin, azadlığın olmasıdır. Bütün bunlar arasında insanlar arasında ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil almaq və bərabər resursların bölüşdürülməsi kimi bir sıra alt hüquqlar da vardır ki, müasir, sivil cəmiyyətlərdə bu hüquqlar insanlara verilir. İnsanların azadlıqları və hüquqları daim dövlət tərəfindən müdafiə edilir. Azərbaycanda insan hüquqları və azadlıqlarının müdafiə edilməsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması üçün təxirəsalınmaz işlər görülür”.
N.Həmzəyev Azərbaycanın müstəqillik qazandıqdan sonra BMT-nin üzvü olmasını, daha sonra 2001-ci ildə AŞPA-ya üzv seçilməsini və bütün bunlarla yanaşı bir çox beynəlxalq sənədlərin iştirakçısına çevrilməsini də xatırladıb:
“Azərbaycanda Ombudsman Aparatı yaradılıb. Bu da insan hüquqlarının müdafiəsi və insan azadlığının bərqərar olması üçün çox mühüm işlər həyata keçirməkdədir. Həmçinin ölkəmizdə məhkəmələrdə də insan hüquqlarının müdafiəsi və insan azadlığının bərqərar olması üçün mühüm işlər görülüb. Həm qanunvericilik təkminləşdirilib, həm də savadlı, bilikli kadrların yetişdirilməsi həyata keçirilib. Həmçinin vəkillik institutu da son illərdə özünün inkişaf dövrünü yaşamaqdadır. Vəkillərin sayının artırılması, vəkillik bürolarının yaradılması, vəkillərin əlçatan olması da bu yöndə inkişafı təsdiq edən əsas faktorlardan biridir. Bununla yanaşı Azərbaycanda elektron məhkəmələrin yaradılması üçün də mühüm işlər həyata keçirilir”.