Kərkük türklərin əsas qalasıdır - RƏY

Ümid edirik, Türkiyə dövləti bu məsələdə qətiyyətli mövqeyini ortaya qoyacaq
  İraq hökumətinin Kərkükdə qərargah binasını KDP-yə (Kürdüstan Demokratik Partiyası) verməsi qərarı türkmənlər tərəfindən böyük etirazla qarşılanıb. Türkmənlərin qətiyyətli etirazından sonra şəhərdə yaşayan kürdlər iğtişaşlar törədərək təhlükəsizlik qüvvələrinə hücum ediblər. Xatırladaq ki, 2003-cü ildə Amerikanın işğalından sonra Kərkük tamamilə kürd milislərinə verilib. Ötən dövr ərzində müxtəlif təzyiqlərlə türkmənləri Kərkükdən çıxarmağa çalışıblar. 2017-ci ildə Xalq Qüvvələri Kərkükü azad edib və kürd silahlıları şəhərdən çıxıb. Hazırda İraq dövlətinə bağlı federal hərbi birləşmələr Kərkükün təhlükəsizliyini qoruyur. İndi də siyasi razılaşma nəticəsində federal əsgərin uzaqlaşdırılması və KDP qüvvələrinin qərargahlarına gətirilməsi məsələsi gündəmə gəlib. Qeyd olunub ki, belə hadisələrin yaşanmaması üçün PKK-nın Kərkükdəki təlim düşərgələri yığışdırılmalıdır. Məlumat üçün əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kərkük başda olmaqla türklərin yaşadığı bölgələrdə ayrıca inzibati strukturun qurulmasını təklif edib.
  Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, İraq hökumətinin qərarı qəbuledilməzdir. Alimin sözlərinə görə, Kərkük və ətrafı qədim zamandan türk yurdudur, türkmənlərin yaşadığı bölgədir:
"İraqda türklərin əsas qalası sayılan Kərkükün zəiflədilməsi, bölgənin türksüzləşdirilməsi yeni məsələ deyil. Buna dəfələrlə cəhdlər olunub. Yüz il öncə Böyük Britaniyanın, Amerika və Fransanın Yaxın Şərqdə oynadığı oyunlar bəllidir. Bu gün baş verənlər də həmin prosesin davamıdır. Məqsəd Suriya və İraqın Türkiyə ilə həmsərhəd bölgələrini türksüzləşdirməkdir, kürdləşdirməkdir. Bu siyasəti qismən həyata keçiriblər. Suriyada Türkmənelində, Bayırbucaq bölgəsində, İraqın Telafer şəhərində bu istiqamətdə müəyyən addımlar atıblar. Amma Kərkük çox önəmlidir. Kərkük tamamilə kürdlərin nəzarəti altına keçərsə, bu, Türkiyə üçün ciddi zərbə olar. Türkiyənin ərazi bütövlüyünün qorunması və sərhəd təhlükəsizliyi məhz Suriya və İraqdakı türkmənlərlə bağlıdır. Bu səbəbdən Türkiyə dövlət başçısı R.T.Ərdoğan Kərkük məsələsi ilə bağlı daha ciddi işlərin görülməsini zəruri sayır. Çünki bölgədə Kərkükün varlığı əslində Türkiyənin mövcudluğudur".
  F.Ələkbərli diqqətə çatdırıb ki, Kərkük türklərin əsas qalası sayıldığı üçün mühüm əhəmiyyət kəsb edir: "Türkiyə liderinin inzibati struktur təklifi qardaş ölkəyə təhdidləri önləməklə yanaşı, həm də bölgədəki türklərin təhlükəsizliyini təmin etmək baxımından önəmli faktordur. Kərkükün taleyini kürdlərə və onların arxasındakı güclərə həvalə etmək olmaz. Azərbaycan da bu məsələdə Türkiyənin mövqeyini müdafiə etməlidir. Kərkükdə yaşayan türkmənlər mədəniyyət, dil, adət-ənənə cəhətdən azərbaycanlılarla daha sıx bağlıdırlar. Ümid edirik, Türkiyə dövləti Kərkük məsələsində qətiyyətli mövqeyini ortaya qoyacaq".