Lavrov gileyləndi: “Ukrayna Rusiya ilə danışıqlardan imtina edib”

“Türkiyə limanları minalardan təmizləsə, hərbçilər Ukrayna taxılını çıxaracaq”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiya XİN başçısı vurğulayıb ki, əgər Ankara Ukrayna taxılının ixracı üçün limanlardakı suların təmizlənməsinə kömək etməyə hazırdırsa, o zaman Rusiya və Türkiyə hərbçiləri bunu ən yaxşı necə edə biləcəkləri ilə bağlı razılığa gələ biləcəklər: “Türkiyəli həmkarlarımız minatəmizləmə işində kömək etməyə hazır olduqlarını bildirdilər. 

Düşünürəm ki, hərbçilərimiz bunu ən yaxşı şəkildə necə təşkil etmək barədə razılığa gələcəklər ki, daha sonra təmizlənməli olan minalanmış sahələr vasitəsilə gəmilər açıq dənizə çıxsın. Bundan sonra biz özümüz və ya türk həmkarlarımızla birgə onları boğazlara və sonra Aralıq dənizinə çatdırmağa zəmanət veririk”. Rusiya XİN başçısı bildirib ki, Moskva və Ankara dünyada yaranan ərzaq problemlərinin həllində maraqlıdır: “Ümid edirəm ki, Rusiya və Türkiyə Ukrayna taxılının ixracı variantlarını işləyib hazırlaya biləcəklər. Bu məsələyə prezidentlər nöqtə qoyacaqlar”.

“Hava məkanını bağlayan ölkələr deyəcək ki, onlara Aİ və NATO sifariş verib”

Lavrov bildirib ki, Moskva Rusiya nümayəndə heyətinin təyyarəsinin uçmasına icazə verməkdən imtina edən ölkələrin rəsmi izahatlarını hələ eşitməyib: “Bilirəm ki, hələ eşitmədiyimiz çoxlu izahatlar olacaq. Rusiya təyyarəsini hava məkanına buraxmaqdan imtina edən ölkələr deyəcəklər ki, onlara Avropa İttifaqı və NATO sifariş verib. Onlar da öz növbəsində deyəcəklər ki, bu ölkələr özləri müstəqil qərar qəbul ediblər”. Qeyd edək ki, Serbiya ilə qonşu ölkələr Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin uçuşu üçün hava məkanını bağlayıb. Rusiya diplomatik missiyasının rəhbərinin Belqrada səfəri iyunun 6-7-nə planlaşdırılmışdı.

Lavrov Serbiya səfəri ətrafında yaranmış vəziyyəti ağlasığmaz adlandırıb

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Serbiya səfəri ətrafında yaranmış vəziyyəti ağlasığmaz adlandırıb. O, Avropa İttifaqı və NATO ölkələrinin Belqradı suveren siyasət yürütmək hüququndan məhrum etdiyini söyləyib. Lavrov qeyd edib ki, son 24 saat ərzində bəzi NATO üzvləri tərəfindən qəbul edilən və Serbiyaya səfərin həyata keçirilməsinə mane olan görünməmiş qərarlara reaksiya ilə bağlı çoxlu suallar daxil olub: “Əlbəttə, ağlasığmaz hadisə baş verdi və mən sizin bu hədsiz hərəkətlərə verdiyimiz qiymətə göstərdiyiniz marağı başa düşürəm. Suveren dövlət xarici siyasət yeritmək hüququndan məhrum edilib. Serbiyanın Rusiya istiqamətində beynəlxalq fəaliyyəti əngəllənib”.

"Ukrayna hərəkətsizdir"

Lavrov qeyd edib ki, Ukrayna Rusiya ilə danışıqlar aparmaq istəmir, Kiyev bundan imtina edib: “Ukrayna müstəsna olaraq vəziyyətin fevralın 24-də "yerdə" olan vəziyyətə qaytarılmasını tələb edir, başqa fantaziyalar gündəlik olaraq ən müxtəlif və bəzən ziddiyyətli şəkildə ifadə edilir. Lakin Ukrayna danışıqlar aparmaq istəmir, o, bundan imtina edib. Bununla da Ukraynanın anqlosakson liderlərinin iradəsini yerinə yetirdiyinə inanmaq üçün bizdə hər cür əsas var”. 

O əlavə edib ki, Rusiya ukraynalı həmkarlarının irəli sürdüyü təkliflər əsasında vicdanla işləməyə hazırdır və bu təkliflər əsasında yazılmış müqavilə layihəsi bir ay yarımdır ki, Ukrayna tərəfində hərəkətsiz qalıb.