Məqsəd və ideallar ortaqdır

Liderlər birgə bəyanat imzalayıblar

Azərbaycanla Qazaxıstan arasında Ali Dövlətlərarası Şurasının yaradılması qərara alınıb


  Aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib. Dövlət başçısı İlham Əliyevlə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ilə əvvəlcə məhdud, sonra geniş tərkibdə görüş keçirilib. Görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan arasında sənədlərin imzalanması mərasimi olub. Daha sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycanla Qazaxıstan arasında Ali Dövlətlərarası Şurasının yaradılması qərara alınıb. Bununla bağlı dövlət başçıları birgə bəyanat imzalayıblar. 

"Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər"

  Prezident İlham Əliyev məhdud tərkibdə görüşdə deyib ki, Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər: "Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir. İki ölkə arasında əməkdaşlığın istiqamətlərinə toxunan dövlətimizin başçısı bildirib ki, əlbəttə, indiki şəraitdə ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir". 

"Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini həmişə hiss etmişik"

  Prezident İlham Əliyev vurğulayıb ki, Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibəti həmişə hiss edilib: “Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır”.

"Xalqlarımız arasında münasibətlərin böyük tarixi var"

  Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı əminliklə deyib ki, onun Qazaxıstana səfəri çərçivəsində qəbul ediləcək qərarlar da reallaşacaq. Dövlət başçısı bildirib ki, xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub: "Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Sizinlə müzakirə etdiyimiz əməkdaşlıq sahələrində, ilk növbədə, energetika, nəqliyyat-tranzit sahəsində çox böyük potensial var. Təsadüfi deyil ki, Qazaxıstan nümayəndə heyətində olduğu kimi, bizim nümayəndə heyətinin tərkibində də müvafiq strukturların rəhbərləri təmsil olunub. Onların məsələlərin konkret həll yollarını müzakirə etməkdən ötrü bütün bürokratik, inzibati maneələri aradan qaldırmaları Transxəzər dəhlizinin təkcə coğrafi və geosiyasi baxımdan deyil, həm də iqtisadi baxımdan cəlbediciliyi üçün yaxşı fürsət olacaq. Fikrimcə, bundan ötrü kifayət qədər imkan var".

"Qarşılıqlı maraq doğuran sahələr çoxdur"


  Prezident İlham Əliyev qeyd edib ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir: "Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Hesab edirik ki, məhz humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlidən müəyyən edirik. Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Düşünürəm ki, bizim ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir". 

"İllik ticarət dövriyyəsi 1 mlrd. dollara çata bilər"

  Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev birgə mətbuat konfransı zamanı deyib ki, görüşdə regional məsələlər müzakirə olunub: "Mən bugünkü tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar bizim ikitərəfli əlaqələri hərtərəfli gücləndirməyə birgə kökləndiyimizi bir daha təsdiqlədi. Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə qarşılıqlı inam şəraitində əməkdaşlığımızın bütün aspektləri üzrə fikir mübadiləsi apardıq. Regional və beynəlxalq məsələlərlə bağlı məsələlərin müzakirəsi əsnasında bir-birimizin fikirlərini dəqiqləşdirdik. Biz həmçinin ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini və istiqamətlərini, ticarət-iqtisadiyyat, nəqliyyat-tranzit, enerji sahələrində əlaqələrin inkişafı məsələsini müzakirə etdik. Həmçinin mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə etdik". Tokayev bildirib ki, Qazaxıstanla Azərbaycan arasında imzalanmış bütün sazişlər ardıcıl surətdə icra edilir: “Biz yarım ildən artıq müddət öncə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik əlaqələrinin genişləndirilməsi haqqında” Bəyannamə, “Əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqram” və bir sıra digər sənədlər imzaladıq. Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 40 faiz artaraq artıq 500 milyon dollara çatıb. Əminəm ki, iqtisadi potensialımız tam üzə çıxdıqdan sonra biz bu rəqəmi 1 milyard dollara çatdıra biləcəyik. Bunun üçün bizim energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”.

"Qazaxıstan və Azərbaycanın ortaq məqsədləri var"

  Qazaxıstan Prezidenti bəyan edib ki, Qazaxıstan və Azərbaycan xalqları qədim zamanlardan möhkəm dostluğa malik qardaş xalqlardır: "Bizim adət-ənənələrimiz, mədəniyyətimiz, dilimiz, dinimiz oxşardır. Ən əsası odur ki, tarixi kökləri olan ölkələrimizin məqsəd və idealları ortaqdır. Ona görə də bugünkü səfər xüsusi əhəmiyyət kəsb edir”. Tokayev əlavə edib ki, Prezident İlham Əliyevin səfəri Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq: "İnanıram ki, bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq”. Tokayev deyib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam açılması böyük əhəmiyyət kəsb edir: “Burada söhbət logistik xidmətlərin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin müasirləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistika dövriyyəsinin formalaşdırılmasından gedir”. Qazaxıstan Prezidenti Orta Dəhliz marşrutuna artan marağı vurğulayıb: “Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin səmərəli icrası da böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan maksimum yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək vacibdir. Bütün bu tədbirlər, eləcə də beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq Şərq-Qərb istiqamətində yüklərin daşınmasının sabitliyini və səmərəliliyini təmin edəcək”.

"Qazaxıstan Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir"

  Tokayev bildirib ki, Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir. Bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edir: “Onu da qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır, həmçinin tərəflərin tezliklə sülh müqaviləsi bağlamaq üçün səylərini alqışlayır. Bütövlükdə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə tədbirlərin görülməsinin zəruriliyi barədə qarşılıqlı anlaşmamız mövcuddur”.