Ancaq telefon zəngləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır
İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edib. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd edib. Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Şarl Mişelin bu zəngi son vaxtlar Kremlin fəallaşmasından və Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun İrəvana və Bakıya etdiyi səfərlərdən narahatlığa işarədir:
“Brüssel şübhələnir ki, Moskva işi pozmaq və Avropa İttifaqının Azərbaycanla Ermənistsn arasındakı fəal vasitəçiliyini minimuma endirməyə çalışır. Ona görə də hesab edilir ki, Brüsselin vasitəçiliyi Azərbaycan və Ermənistan üçün faydalıdır. Əgər Bakı və İrəvan bu vasitəçilikdən yararlanmaqda davam edərsə, Kreml Avropa İttifaqını oyundankənar vəziyyətə sürükləyə bilməyəcək”.
Millət vəkili Vüqar Bayramov da vurğulayıb ki, Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunması Avropa üçün prioritet olaraq qalmaqdadır. Telefon danışığında bu, bir daha qeyd olunub:
“Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib.
Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır.
Bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır.
Son Brüssel görüşləri və qarşılıqlı telefon zəngləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır.
Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər.
Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha da intensivləşməsinə xidmət edir”.
Deputat qeyd edib ki, Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın güclənməsinə önəm verir.