Mikromobil nəqliyyat vasitələrini idarə edərkən sutkanın bütün saatlarında onların ön və arxa qabarit işıqları mütləq yanılı olmalıdır
İctimai xadim, vəkil Fərhad Mehdiyev 17 yaşlı qızı Zəhranın faciəvi ölümündə bir ata olaraq ən çox özünü qınayır. Bu, onun son 2 gündə yazdığı statuslardan aydın görünür. Ata, qızının motosikl sürmək istəyinin qarşısını ala bilməməsindən peşmandır. Lakin ortada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi var. Hadisənin necə baş verdiyi müşahidə kameralarının görüntülərində əks olunur. “Mersedes” markalı avtomobil yolun sol zolağında dayanıb, güman ki xarab olub, hərəkəti davam etdirə bilmir, sürücü maşından çıxaraq arxa tərəfə keçir və əli ilə işarə edərək hərəkətdə olan maşınlara yolun sağ zolağı ilə hərəkət etmələrini göstərir. Bu zaman uzaqdan yüksək sürətlə hərəkət edən motosikl isə arxadan avtomobilə çırpılır, sürücü toqquşma-nın gücündən yola sıçrayır, arxadan gələn avtomobil də bu ani qəzadan sığortalanmadığından motosiklı əzir. Baş vermiş qəzada avtomobil sürücüsünün, yoxsa motosikl sürücüsünün günahkar olduğuna dair müxtlif versiyalar səslənir. Əlbəttə, dəqiq araşdırma istintaq tərəfindən aparılacaq.
Vəkil Fərhad Mehdiyev isə öz mülahizələrini bölüşüb və ədalət hissinin itirməyərək qızının da baş vermiş qəzada günahı olduğunu etiraf edib: “Ağ “Mersedes”in sürücüsünün təqsiri barəsində, yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır, əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, o, bagajını açmalı idi və avtomobilin arxasında xəbəredici işarə qoymalı idi. Əgər onun avtomobilində yaranmış nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq. Yox əgər, sürücü avtomobilindəki nasazlıq haqda məlumatlı olubsa - bunu da ekspertiza müəyyən edir, belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi, üstəlik avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbəredici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır”.
F.Mehdiyevin qızının sürücülük vəsiqəsi olmadan motosikl idarə etdiyi də məlumdur artıq. Ata bunu özü etiraf edib. Motosıkl yüksək sürətlə hərəkət etdiyindən, bəlkə sürücünün naşılığından qarşıdakı maneəni görmür, ya da onu zamanında ayırd edə bilmir, sürəti azalda bilmir və qəza qaçılmaz olur.
Yol hərəkəti qaydaları üzrə mütəxəssislər bildirir ki, yollarda sol zolaqlar sürətli hərəkət üçün istifadə olunur, lakin qanunvericiliyə əsasən, sağ zolaq boşdursa, sol zolaqla hərəkət etmək qadağandır. Sol zolaq yalnız ötmə, manevr və ya sağ zolaqlar dolu olduqda istifadə edilməlidir. Motosikletlər digər avtomobillər kimi yolun istənilən zolağı ilə hərəkət edə bilərlər. Xüsusi bir zolaq məhdudiyyəti yoxdur. Bununla belə, təhlükəsizlik və qaydalar baxımından bilməli olduğunuz əsas məqamlar budur ki, imkan daxilində sağ zolaqda və ya yolun sağ kənarında, bir cərgədə hərəkət edilməlidir. Bu, moped və skuterlərə də aiddir. Mühərrikinin həcmi 50 sm³-ə qədər olan moped və ya skuter qaydalara görə mümkün qədər yolun sağ kənar zolağı ilə hərəkət etməlidir. Zolaqlar arasında və ya avtomobillərin arasında slalom edərək - ara məsafəsini kəskin pozaraq hərəkət etmək təhlükəlidir və qanunsuzdur. Paytaxtda mikromobil nəqliyyat vasitələri üçün xüsusi zolaqlar ayrılıb, onlar bu zolaqlarla hərəkət etməlidir. Amma harada xüsusi ayrılmış zolaqlar yoxdursa, “Yol hərəkəti haqqında” qanuna görə, mikromobillik vasitələri də yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkət etməlidir. Yəni, yol 3 zolaqlıdırsa, ən sağdakı zolaqla hərəkət etməlidirlər. Amma xaotik hərəkət, işıqfora məhəl qoymamaq, ötmə qaydalarını pozmaq, əks istiqamətdə hərəkət, piyadaya yol verməmək kimi qayda pozuntularına görə onlara da digər hərəkət iştirakçıları üçün qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri tətbiq edilməlidir. Mikromobil nəqliyyat vasitələrini idarə edərkən sutkanın bütün saatlarında onların ön və arxa qabarit işıqları mütləq yanılı olmalıdır. Azərbaycanda yol hərəkəti qaydalarına görə, nəqliyyat vasitəsi ötmə əməliyyatını soldan etməli və dönmə işıqlarından isitifadə etməlidir.