MTK-lar da "QAN İÇİR": “Vətəndaşlarla istədikləri kimi davranırlar”

  • İlqar Hüseynli: “İnsanlara qarşı bu qədər sayğısız davranış qəbuledilməzdir”
  • “Pulları və hamiləri hesabına vətəndaşlarla istədikləri kimi davranırlar”

Bu gün səhər saatlarında Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsi, 69 ünvanında su borusu partlayıb. Sakinlərin müraciəti əsasında ADSEA tərəfindən qəza qısa müddətdə aradan qaldırılıb. Lakin sakinlərin həyatına təhlükə qalmaqdadır.

Sakinlər sosial şəbəkədə bildiriblər ki, “Bizim Ev” MTK tərəfindən uzun müddətdir binanın həyətində tikinti-qazma işləri aparılır. Binaya yaxın ərazidə qazıntı aparılıb, bünövrə tökülüb, obyekt, ya da yaşayış binasının tikintisinə hazırlıq görülür. Halbuki ərazi hazırda yaşayış olan binaya demək olar ki, bitişikdir. Həyətin zəbt olunması hesabına tikinti aparılır.

“Dəfələrlə aidiyyəti qurumlara şikayət etdik ki, “Bizim Ev” MTK tərəfindən aparılan qanunsuz qazıntı-tikinti işləri ərazidə ciddi narahatlıq və təhlükə yaradır. Kommunikasiya xətlərinin təhlükəsizliyinə lazımi diqqət göstərilmir. Şikayətə baxan, səsimizi eşidən olmadı. Nəticədə isə bu gün sakinlər həm su probleminin, həm də gediş-gəliş çətinliyinin nəticələrini yaşamalı oldular. Bu, artıq sadəcə narahatlıq deyil, sakinlərin təhlükəsizliyi məsələsidir. Problemlə bağlı dəfələrlə edilən müraciətlərə məhəl qoyulmaması daha ciddi fəsadlara yol aça bilər. Hadisə baş verməzdən əvvəl tədbir görülməlidir, sonra izahat verilməməlidir”.

Sakinlər deyirlər ki, tikinti şirkətinə irad bildirdikdə, “Əlimizdə icazə var, Dövlət Şəhərsalma İdarəsi tikintiyə icazə verib”, söyləyirlər.

Şəhərsalma İdarəsi niyə icazə verir bu cür tikintiyə? Sakinlərin yolu bağlanır, həyət zəbt edilir, kommunikasiya xətləri dağılır, insanlar əziyyət çəkir. Olmaz ki, binanın həyəti uşaqlar üçün oyun, əyləncə meydançasına, sakinlərin istirahət yerinə çevrilsin? Bu binalar nə qədər bir-birinin qarnına dürtülə-dürtülə tikiləcək?!

Aşkar görünür ki, tikinti yaşayış binasının tam qarşısında aparılır. Problem yarananda isə cavabdeh qurumlar ortada görünmür. Səhərin erkən saatlarından həyətdə fontan vuran su axıb binanın zirzəmisinə dolub. Binanın özülü su altındadır. Elə yeni tikilinin özülü də suya qərq olub. Təhlükəli vəziyyət yaranıb.

Sabah, birisi gün zəlzələ olsa, bina aşacaq. Amma nə veclərinədir, pullarını alıb tikintiyə icazə veriblər. Paytaxtdakı bu hərc-mərclik nə zaman bitəcək, bilinmir.

Sosial məsələlər üzrə ekspert, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli baş vermiş hadisə ilə bağlı Sherg.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, vətəndaşların hüquqları sanki ön plandan çıxıb, arxa plana atılmış kimi görünür. Bəzi məmurlar iş adamlarının timsalında:

- Vətəndaşlara böyük narahatlıq yaşadırlar, narazılıq yaradırlar. Vətəndaşın evini sökürlər, içində yaşayış ola-ola. Kompensasiya isə vətəndaşa yaşadığı əraziyə uyğun ödənilmir. Tikinti zamanı sosial infrastrukturları dağıdırlar. Mənzillərin qiyməti də süni şəkildə o qədər bahalaşıb ki, dünya bazarındakı qiymətlərdən də yüksəkdir. MTK sahibləri fantastik dərəcədə varlanıblar. Varidatları milyardlarla ölçülür, bəlkə də. Amma gəlir bəyannaməsi təqdim etmirlər, cəmiyyətə açıq hesabatlı deyillər, vergidən yayınmalar kifayət qədərdir. Bunlara “dur” deyən də yoxdur. Pulları, imkanları, hansısa qurumlarda hamiləri hesabına vətəndaşlarla istədikləri kimi davranırlar. Hamısı da eyni kobud tərzdə davranır və “Getdin, kimə istəyirsiniz deyin” tipli kobud, laqeyd cavab verirlər. İnsanlara qarşı bu qədər sayğısız davranış və qanunlara saymazlıq qəbuledilməzdir.

Həsən bəy Zərdabi 69 ünvanında göründüyü kimi, dözülməz vəziyyətdir. Binanın həyəti niyə zəbt olunmalıdır? Oradakı ağacların vəziyyətinə baxın. 1-2 ağac qalıb, onlar da quruyacaq, MTK “sayəsində”. Əlaqədar qurumlar ölçü götürməlidir. MTK yaratdığı vəziyyətə görə, gərəkirsə, cərimələnməlidir. Sakinlərin həyatına təhlükə olan bu biabırçı hal aradan qaldırılmalıdır.