“NATO-nun bu təlimlərə diqqət göstərməsi təsadüfi deyil”

Tbilisidə səfərdə olan NATO Hərbi Komitəsinin üzvləri NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkiblər. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib. Alyansın ali hərbi nümayəndələri mərkəzdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimlərini onlayn formatda izləyiblər.
Daha sonra Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer arasında görüş keçirilib. Tərəflər Müdafiə Qüvvələrinin transformasiya prosesi, NATO və Gürcüstan arasında hərbi əməkdaşlığın önəmi və gələcək planlar, həmçinin Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Azərbaycan-Türkiyə-Gürcüstanın müxtəlif platformalar, o cümlədən hərbi əməkdaşlıq sahəsində uğurlu əməkdaşlıq etdiklərini vurğulayan hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a söyləyib ki, hər üç ölkənin qatıldığı birgə təlimlər artıq bir neçə ildir keçirilir:
“Bu təlimlərin əsas məqsədi regionda beynəlxalq layihələrə yarana biləcək təhdidlərin üç ölkə tərəfindən birgə aradan qaldırılmasında səyləri birləşdirməkdən ibarətdir. NATO-nun təlimləri izləməsi normal haldır. 
Bilirik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində istehsalçı, Türkiyə və Gürcüstan isə tranzit ölkələr olaraq mühüm əhəmiyyət daşıyırlar. Odur ki, NATO-nun bu təlimlərə diqqət göstərməsi heç də təsadüfi deyil. 
Hazırda dünya iqtisadiyyatında, neft-qaz bazarında baş verən qiymət artımını və proseslərin ciddi fazaya daxil olduğunu nəzərə alsaq, Avropanın da üzv olduğu NATO-nun bu enerji layihələrinin beynəlxalq daşıma marşrutlarının qorunmasına və təhlükəsizliyinə yetirdiyi diqqəti əsassız hesab edə bilmərik!”.