"Naxçıvanda bütün nazirliklər ləğv olunmalıdır"

Fərəc Quliyev: "Korrupsiyaya qarşı aparılan mübarizə sonadək aparılmalıdır"

"İnsanların aqressiyası, formalaşmış mühitə etirazları hökumətin atdığı addımlar sayəsində rəğbətə 
çevrilməkdədir"

  Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son günlər Naxçıvanda apardığı əməliyyatlar, maliyyə 
yoxlamaları və həbslər gündəmin əsas müzakirə mövzularındandır. Son olaraq Naxçıvan Muxtar 
Respublikasının maliyyə naziri Rəfael Əliyev də həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-
istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. R.Əliyev 2 il 
öncə nazir vəzifəsinə təyinat alıb. Onun bu postdan əvvəl muxtar respublikanın Dövlət Gömrük 
Komitəsində şöbə rəisi kimi çalışdığı bildirilir. Bir neçə gün əvvəl nazirin gömrükdəki xələfi 
Mənsur Əsgərovu da 132 milyonluq ittihamla həbs ediblər. Qeyd olunub ki, Bakıdan gedən 
maliyyəçilər bir müddətdir muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar. Naxçıvan 
gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi 
araşdırılır. Naxçıvan DGK-nin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzovun 
komitənin inzibati binasına buraxılmadığı deyilir. Hazırda muxtar respublikada bir sıra struktur 
islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti 
orqanlarına tabe etdirilməsi istiqamətində addımlar atıldığına dair məlumatlar yayılır. Məlumatlara 
görə, Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsini təmin etməkdir. 
Məlumat üçün bildirək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi 
Xidməti ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə tabe 
olan Naxçıvan Baş İdarəsi yaradılıb. 
  Azərbaycanda korrupsiya və rüşvətə qarşı 2018-ci ildən etibarən ciddi mübarizə aparılır. Keçən 
müddət ərzində müxtəlif nazirliklərdə, icra hakimiyyətlərində və digər büdcə təşkilatlarında DTX 
əməliyyatlar keçirib, nazirlər, icra başçıları həbs olunub. Eyni zamanda, korrupsiyaya bulaşmış 
müavinlər, şöbə, idarə rəisləri saxlanılıb. 44 günlük Vətən müharibəsinin başlaması bu prosesi bir 
qədər səngitsə də, postmüharibə dövründə mübarizə qaldığı yerdən davam etdirilib. 
  Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Şərq"ə 
açıqlamasında bildirib ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan unitar 
dövlətdir. Partiya rəhbərinin sözlərinə görə, Naxçıvandakı bütün qurumlar dövlətimizə tabe 
olmalıdır: "Naxçıvanda ciddi qanun pozuntuları baş verib və oradakı qurumlar baş verənlərə 
biganə qalıblar. Bilərəkdən, düşünülmüş şəkildə onlarla əlbir olaraq qanunsuzluqlara şərik olublar. 
Dövlət Təhlükəsizlik Xidməti çox millətçi, vətənçi və barışmaz mövqedən çıxış edir. Bu da 
təsadüfi deyil, qurumun başında dayanan adam Birinci Qarabağ müharibəsinin qazisi, vətənpərvər 
bir kişidir. Korrupsionerlər DTX rəhbərliyinin üzərinə gəlməyə çalışsa da, qurum öz işini çox 
ləyaqətlə görür. 44 günlük müharibə dövründə çox ciddi fəaliyyət sərgiləyən Dövlət Təhlükəsizlik 
Xidməti postmüharibə dönəmində də olduqca önəmli işlər görməkdədir. O baxımdan DTX-nin 
Naxçıvanda aparılan korrupsiya və mənimsəmə hallarına qarşı mübarizədə ən öndə olması 
təsadüfi deyil. Naxçıvan Muxtar Respublikasının statusu siyasi baxımdan bölgənin təhlükəsizliyi 
üçün hesablanmış məsələdir. Bu məqam Qars və Moskva müqaviləsində öz əksini tapıb. Amma 
Naxçıvandakı idarəçilər bu müqavilənin arxasında gizlənib, özbaşınalıq edə bilməzlər. Müqaviləni 
saxlamaq şərti ilə Naxçıvanda ciddi islahatlara ehtiyac var. Naxçıvanda bütün nazirliklər ləğv 
olunmalı, Nazirlər Kabineti ortadan qalxmalıdır. Bunlar artıq strukturlardır və avtomobilin beşinci 
təkəri kimidir. Birmənalı şəkildə rəsmi Bakıya birbaşa tabeçilik təmin olunmalıdır. Naxçıvanın 
Şərur rayonu ilə Şəki rayonu eyni formada tabeçilik nümayiş etdirməlidir. Bu, islahat xarakterli 
məsələdir və əlavə qurumlara ehtiyac yoxdur".
  F.Quliyev vurğulayıb ki, Naxçıvanda korrupsiyaya qarşı aparılan mübarizə heç kimi 
təəccübləndirməməli və proses sonadək aparılmalıdır: "Söhbət təkcə maliyyə nazirindən getmir. 
Böyük ehtimal başqaları da əlbir şəkildə bu işləri görüblər. Çünki bu qədər böyük vəsaiti qısa 
müddət ərzində mənimsəmək fantastik məsələdir. Nəzərə alaq ki, hələ bir qurumdan söhbət gedir. 
Qanun qarşısında hamı bərabərdir. Aşkar edilən qanunsuzluqlarda kimin əli, iştirakı varsa, 
qanunlarımız çərçivəsində cəzalandırılmalıdır. Bu, təqdirəlayiq addımdır. Bir formasını taparaq 
Naxçıvanın təhlükəsizliyi və statusu ilə bağlı məsələni də səhmana salmaq mümkündür. 
Naxçıvanda struktur dəyişikliklərinə ciddi ehtiyac var. Bildiyiniz kimi Dövlət Təhlükəsizlik 
Xidməti Naxçıvanda yerli idarə yaradıb. Məncə, digər strukturlar da tamamilə ləğv olunmalıdır. 
Naxçıvan camaatı bunu çox yüksək qiymətləndirir və dəstəkləyir. İnsanların aqressiyası, 
formalaşmış mühitə etirazları hökumətin atdığı addımlar sayəsində rəğbətə çevrilməkdədir". 
Partiya sədri bəyan edib ki, Naxçıvandakı kadr təyinatlarına diqqət yetirmək lazımdır: "Yaxın 
zamanlarda Zəngəzur dəhlizi açılacaq. Naxçıvan bir qapıdır. O baxımdan Naxçıvanda idarəçiliyin 
və kadrların dövlətçiliyə, millətçiliyə bağlı olmasına böyük ehtiyac var. Müxalifət partiyası olaraq 
bütün mənalarda Naxçıvanın səliqə-səhmana salınmasını, korrupsiyaya qarşı mübarizəni və 
islahatları dəstəkləyirik".