Növbəti Vaşinqton görüşünün gündəliyi də eyni olacaq
İrəvan Qarabağ iddiasını “beynəlxalq mexanizm” üzərindən davam etdirəcək, Bakı imtina edəcək
“Bakı ABŞ-nin dəstəklədiyi “amnistiya”nın yeganə seçim olduğunu daha güclü şəkildə irəli sürmək gedişi edə bilər”
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton danışıqları tezliklə baş tuta bilər. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Tiqran Xaçatryan məlumat verib. İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə Azərbaycanın mövqe bildirməsi barədə danışan Xaçatryan qeyd edib ki, tərəflər arasında fikir mübadiləsi aparılır. Lakin onun sözlərinə görə, sırf bu məsələ üzərində dayanıb qalmamalıdırlar: “Vacib olan budur ki, son müzakirələr və danışıqlar zamanı tərəflərin mövqelərinin bir-birinə yaxınlaşması qeydə alınıb”. Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında iyunun 12-də ABŞ-də keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu təxirə salınıb. Nazirlərin bundan öncəki Vaşinqton danışıqları 4 gün (1-4 may) davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra dövlət katibi Azərbaycanla Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"aaçıqlamasında deyib ki, xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünün təxirə salınmasını İrəvan Bakının bunu istəməməsi ilə əlaqələndirib. Lakin ABŞ Dövlət Departamenti və rəsmi Bakı görüşün təxirə salındığını elan etsə də, İrəvanın iddiası ilə bağlı heç bir qeyd yoxdur: "Səbəb konkret açıqlanmır. Hərçənd, son proseslər fonunda müəyyən fikirlər irəli sürmək olar. Mayın əvvəlində keçirilən Vaşinqton görüşündə tərəflərin “Qarabağdakı erməni əhalisini hüquq və təhlükəsizliyinin təmin edilməsi” məsələsində fikir ayrılığı qeydə alındı. İrəvan “beynəlxalq mexanizm” və “Xankəndi-Bakı formatı” kimi istəyini davam etdirir. Bakı qəti şəkildə imtina edir. Bu görüşdən sonra qeydə alınan əsas məqam Əliyevin separatçılar üçün “amnistiya” təklifini irəli sürməsi, Vaşinqtonun bunu dəstəkləməsi oldu. Bunu diplomatik masada Bakının Qarabağ məsələsi üzrə irəliləyişi kimi qəbul edə bilərik, lakin praktik nəticələri yoxdur. Praktik nəticənin olmaması növbəti Vaşinqton görüşünün gündəliyinin də eyni olacağını deməyə əsas verir. İrəvan Qarabağ iddiasını “beynəlxalq mexanizm” üzərindən davam etdirəcək, Bakı imtina edəcək".
Analitikin fikrincə, mümkündür ki, Bakı “beynəlxalq mexanizm”, “Xankəndi-Bakı formatı” kimi məsələləri gündəlikdən çıxaracaq addımlar atmaq, daha sonra Vaşinqtonda müzakirələrə qatılmaq və ABŞ-nin dəstəklədiyi “amnistiya”nın yeganə seçim olduğunu daha güclü şəkildə irəli sürmək gedişi edə bilər: "Bu kontekstdə Qarabağdakı separatçıların hərbi müstəvidə təxribat addımlarının intensivləşdiyinə dair informasiyaların artması, mümkün praktik addımlara zəminin yaranması diqqət çəkir".