Paşinyan yaxşı anlayır ki, Bakı təklifləri qəbul etməyəcək

Tofiq Zülfüqarov: "Ermənistan rəhbərliyi sülhə yaxın gəlmir, regiona kənar qüvvələr gətirməyə çalışır"

"İrəvanda əminlik var ki, yaxın günlərdə Fransa və Rusiya Ermənistanın lehinə ortaq məxrəcə gələcəklər. Amma istənilən halda Azərbaycanın əlində güclü kozurları var"

  "Sərhədlərin delimitasiyası prosesi bir neçə il çəkə bilər. Bu səbəbdən Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsi əvəzinə çərçivə sazişi imzalamağı nəzərdən keçirir". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Paşinyanın sözlərinə görə, sülh müqaviləsinin imzalanması zamanı sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatması real görünmür.
  "Bunun üçün İrəvan Ermənistan-Azərbaycan sərhədinin hərbsizləşdirilməsinin, qoşunların qarşılıqlı çıxarılmasından başlamağın və sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarıdır. Sonra sərhədçiləri yerləşdiririk və beləliklə bu məsələ bir müddət bağlanır. Sonra çərçivə sənədini imzalayırıq və delimitasiyaya başlayırıq ki, bu da bir ildən çox davam edə bilər". Baş nazir bildirib ki, çərçivə sazişi ümumiyyətlə, heç bir ciddi təfərrüat, detallar göstərilmədən mövcud vəziyyəti düzəldəcək: "Təcrübə göstərir ki, təfərrüatlara, detallara cəhd etmək danışıqlarda çətinliklərə səbəb ola bilər". Paşinyan 2018-ci ildə olduğu kimi, indi də danışıqların "bir nömrəli" iştirakçısının "Dağlıq Qarabağ" erməniləri olduğunu vurğulayıb: “Ümid edirik və belə görünür ki, beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında respublika ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı beynəlxalq səviyyəli söhbət olmasını istəyir. Bizim Ermənistan-Azərbaycan münasibətləri məsələsini Qarabağ ermənilərinin problemlərinin həllindən ayırmağa razı olmağımız o demək deyil ki, ermənilərin təhlükəsizliyi və hüquqları məsələsini gündəmdən çıxarmağa razıyıq”. 

  Baş nazirin absurd açıqlamalarını "Şərq"ə dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan rəhbərliyi köhnə mövqeyini təzə formada təqdim edir. Politoloq bildirib ki, Paşinyan hər zamankı kimi birbaşa "yox" deməmək üçün reallaşması qeyri-mümkün olan təşəbbüsü gündəmə gətirir: 

"Paşinyan özü də yaxşı bilir ki, etdiyi təklif rəsmi Bakı tərəfindən qəbul edilməyəcək. Ermənistan hələlik Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. İrəvan hökuməti hesab edir ki, qondarma rejimin təmsilçiləri bu və ya digər formada Azərbaycanla sülh danışıqlarında "tərəf" kimi iştirak etsin. Hazırda Ermənistanın bir nömrəli məqsədi budur. 

Paşinyan ortaya sərsəm iddialar atır, deyir ki, "hərbsizləşdirilmiş zona" yaradılmalı və ondan sonra Qarabağda ermənilərin "təhlükəsizlik qüvvələri"nin sayı azaldıla bilər. Burada söhbət hansısa azalmadan getmir. Qarabağdakı bütün qeyri-qanuni silahlı birləşmələr, erməni yaraqlıları qeyd-şərtsiz bölgəni tərk etməlidir. Bunların hamısı sülh danışıqları ətrafında gedən oyunlardır. Çünki Ermənistan rəhbərliyi İrəvana təzyiqlərin fərqindədir. Rəsmi Bakı Ermənistana güclü təzyiq göstərir ki, İrəvan hökuməti 10 noyabr üçtərəli bəyanatın müddəalarına əməl etsinlər. Həmçinin, ABŞ-dan da təzyiqlər var. Vaşinqton Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasını, problemin aradan qaldırılmasını istəyir. İndi Paşinyan çalışır ki, əlindəki isti kartofu Azərbaycanın üzərinə atsın. Sonra da iddia etsin ki, guya o, sülh təklifini edib, amma Azərbaycan bunu qəbul etmir".

  T.Zülfüqarov vurğulayıb ki, Azərbaycanın kəskin şəkildə İrana və Fransaya cavab verməsi Ermənistanı ciddi şəkildə narahat edir:

 "İranın ölkəmizin işlərinə, bölgəyə müdaxiləsinə çox sərt formada cavab verildi. Eyni zamanda Fransaya da adekvat reaksiyamız oldu. Azərbaycanın gücü, Türkiyə ilə müttəfiqliyi İrəvanda təşviş yaradır. O baxımdan Ermənistan rəhbərliyi sülhə yaxın gəlmir, regiona kənar qüvvələr gətirməyə çalışır. Qarabağda təxribat törədərək Azərbaycana qarşı qətnamələrin ortaya çıxmasına səy göstərir. İrəvanda əminlik var ki, yaxın günlərdə Fransa və Rusiya Ermənistanın lehinə ortaq məxrəcə gələcəklər. Amma istənilən halda Azərbaycanın əlində güclü kozurları var".