Pekin yeni yola fokuslanıb

Zəngəzur dəhlizi layihəsinin lehinə çalışanlardan biri də Çindir

"Bu gedişatlar Ermənistanı yeni düzəndə də regional təcrid içərisinə daxil edəcək"

  Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. Görüşdə Sədr Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Qeyd edib ki, Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir: "Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”. 

Si Cinpin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. Sədr Si Cinpin bildirib ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir. Prezident İlham Əliyev Çinin lideri ilə görüşdən çox məmnun olduğunu və əvvəlki görüşlərini məmnuniyyətlə xatırladığını, xüsusilə “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Çinə səfərini yüksək qiymətləndirdiyini vurğulayıb. Dövlətimizin başçısı da Azərbaycan ilə Çin arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

 Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Bəyan edib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.   Prezident qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Çinin bir çox şirkətləri də bu işlərdə iştirak üçün müraciət edib. Azərbaycan Çin şirkətlərinin bu layihələrə daha fəal şəkildə cəlb olunmasını dəstəkləyir. 

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, Azərbaycan və Çin liderləri arasında Səmərqənddə keçirilən görüş Bakı-Pekin münasibətlərində qarşılıqlı ehtiyacların aktuallaşdığını göstərir. Analitikin fikrincə, Əliyev-Cinpin danışıqlarının rəsmi məlumatlardan kənar istiqamətlərini aydınlaşdırmaq üçün bir neçə məqama diqqət yetirmək lazımdır: 

"İlk olaraq Çinin dünya arenasındakı çıxışını təmin edən baza prinsplərinə konseptual şəkildə baxaq. Qlobal güc yarışında Çin spesifik yanaşmalarla çıxış edir və özünü əlahiddə bir güc kimi aparmağı bacarır. Çinin xarici siyasətinin şəkilləndirilməsi iqtisadi layihələrə, logistika mərkəzlərinə genişmiqyaslı investisiyalar yatırmaqla hüdudsuz forma alan iqtisadi ekspansiya ilə reallaşdırılır. Çin heç bir ölkənin ərazisini işğal etmək fikrinə düşmür, heç bir ölkənin daxili işlərinə insan hüquqları və ali dəyərlər mövzusu ilə qarışmır. Pekin ancaq iqtisadi güc alətləri ilə özünün qlobal maraqlarını inkişaf etdirir. Azərbaycan-Çin əməkdaşlığına gəlincə, ikili münasibətlərin sferası siyasi əlaqələr, infrastruktur əlaqələr, ticarətin inkişafı, maliyyələşdirmə sahəsində qarşılıqlı əlaqələr, Çin mərkəzli beynəlxalq nəqliyyat dəhlizlərində müştərək maraqlar zəminində böyüyür. Azərbaycan Çinin gücünü qiymətləndirir və xarici siyasət kursunda Çinlə əlaqələrin dinamikasına xüsusi önəm verir. Bakı ilə Pekinin ikili istək və niyyətləri qlobal düzənin laxladılması fonunda şəraitə uyğun ikitərəfli əməkdaşlıq proqramını hazırlamaq planını aktuallaşdırır. Bakı-Pekin münasibətlər sistemindəki maraqlar indi Orta Dəhliz məntiqində fokuslanır, Çin həyata keçməsi gözlənilən Zəngəzur dəhlizi layihəsini iqtisasi ekspansiyasına calamaq üçün addımlar atır. Nəzərə alaq ki, dünyanın əksər regionlarında formalaşmaq üçün cücərən istənilən iqtisadi layihədə Çin pay almağa girişir. Bu işi bəzən açıq, hərdən çox gizli şəkildə ustalıqla bacarır. Çin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanını “Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizi”nə inteqrasiya etdirir. Bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut yaradılıb".

  A.Kərimova görə, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə məmnuniyyətlə qoşulub və onun əvəzsiz həlqəsinə çevrilib. Çin Azərbaycanın təşəbbüsünü İpək Yolu üzrə keçidlərin birləşdirilməsində əlverişli marşrutu təmin edəcək Zəngəzur dəhlizinin işə salınmasını əhatə edən dəstəkləyici mexanizmləri formalaşdırır:

 "Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri vasitəsilə Avropanı Çinlə birləşdirən nəqliyyat marşrutu olan orta dəhlizin potensialını artıracaq, Pekin bu məqsədlə Bakının bu iqtisadi layihəsinə dəstək verir. Zəngəzur dəhlizi Rusiya, Türkiyə, ABŞ və Avropa İttifaqının da maraq dairəsində məxsusi yer tutduğundan deyə bilərik ki, bu layihə üzərində ən böyük çəkişmə ABŞ və Çin arasında gedəcək. Nəticə etibarı ilə Zəngəzur dəhlizi layihəsinin lehinə çalışanlardan biri də Çindir. Elə buna görədir ki, Si Cinpin Prezident İlham Əliyevlə görüşdə Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalar fonunda Azərbaycanın ərazi bütövlüyünə ehtiramını ifadə edib. 

Ölkə başçımız da eyni məzmunda Çinin ərazi bütövlüyünə və suvrenliyinə dəstəyini göstərib. Bu gedişatlar Ermənistanı yeni düzəndə də regional təcrid içərisinə daxil edəcək. Azərbaycanı Çinin cazibə mərkəzinə gətirən faktorlardan biri də, Xəzər dənizindəki təsdiqlənmiş və ya təsdiqlənməmiş zəngin karbohidrogen ehtiyatlarıdır. Çin perspektiv üçün həmin ehtiyatları rəqibləri üzərində digər iqtisadi rıçaqlar qazandıran potensial kimi nəzərdən keçirir. Ələt Azad İqtisadi Zonası da çinli investorlar üçün cəlbedicidir. 

Pekinin Azərbaycanın işğal edilmiş ərazilərindəki iştirakını da bura əlavə etsək, Çinin regionda iqtisadi fəallığını daha geniş çərçivə ilə artırdığını deyə bilərik".