Qırğızıstanla əlaqələr Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək

Yerləşdiyimiz coğrafi məkan və tarixi şərait bizi daha çevik və orta mövqedə dayanan siyasət yürütməyə sövq edir

Aprelin 20-də Bakı Qırğızıstan Prezidenti Sadır Japarovun səfərinə şahidlik etdi. Japarov Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdü və xoş atmosferdə müzakirələr aparıldı. Japarovun Bakıya yol alması qlobal nizamda özünə həlledici mövqe tutmağa çalışan Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi baxımından önəmlidir. Hərçənd, Qırğızıstanın türk dövlətləri içərisindəki potensialı digərlərinə nisbətdə zəifdir. 

Ona görə də zəif nöqtələrin tapılıb boşluqları doldurmaq üçün ikitərəfli münasibətlərə yeni məzmun yükləmək zərurəti yaranır. Azərbaycan Cənubi Qafqazdakı postmünaqişə reallıqlarında atdığı addımları strateji müttəfiqi Türkiyənin ayaq səsləri ilə uzlaşdırır. Eynilə də Ankara analoji mövqedən çıxış edir. Bu həm Şuşa Bəyannaməsinin maddələrinin tələblərindən, həm də onun da fövqündə dayanan, lakin açıqlanmayan bəzi məsələlərin tələblərindən irəli gəlir. 

Buna görə də Bakı-Bişkek münasibətlərinin mövcud dünya nizamındakı əlaqələrini Türkiyə-Qırğızıstan amili kontekstində dəyərləndirmək lazımdır. Türkiyə regional güc olduğundan Qırğızıstanın təhlükəsizliyinə sərmayə yatırır və bu ölkədə sabitliyin, inkişafın qorunmasında maraqlıdır. Əlaqələrin çərçivəsi siyasi və institusional transformasiya prosesini sürətləndirir. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə deyib ki, Qırğızıstan prezidentinin Bakıya səfəri son illər türkdilli dövlətlərin birliyi çərçivəsində əsası qoyulmuş müttəfiqlik əməkdaşlığının davamıdır. Analitik vurğulayıb ki, Azərbaycanın  Qırğızıstanla daha sıx əməkdaşlıq əlaqələrinin qurulması 2009-cu ildə Naxçıvan zirvə toplantısında başlanılıb: 

“1992-ci ildə Türk dövlətlərinin dövlət başçıları tərəfindən əsası qoyulmuş Türk Şurasının - Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycanın təsisçiliyi ilə strateji tərəfdaşlığın yeni formatı müəyyən edildi. 2021-ci ildən isə bu təşkilat rəsmi olaraq Türk Dövlətləri Təşkilatı statusunu aldı. Qırğızıstan prezidentinin Bakıya səfəri və bir neçə mühüm sazişin bağlanması ikitərəfli münasibətləri daha da sıxlaşdıracaq. Bununla yanaşı Japarovun səfəri Avropadan Çinə qədər uzanan ipək yolu üzərində güclü hərbi-siyasi və iqtisadi kəmərin yaradılması üçün qoyulmuş bünövrənin təməlinin möhkəmləndirilməsinə xidmət edir. Hazırda davam edən Rusiya-Ukrayna savaşı dünyada özünümüdafiə instinktinin necə əhəmiyyətli olmasını sübut etdi. Bir çox ölkələr strateji məhsullarının və ərzaq mallarının ixrac etdirilməsini dayandırdılar. Hər bir ölkə dünyada gedən proseslərin ən pis və çətin variantlarına hazır olmaq məcburiyyətindədir. TDT çətin günlərdən sığortalanmaq üçün ən əlverişli birliyə çevrilməlidir”. 

V.Əfəndiyev qeyd edib ki, əlaqələrimizi daha da genişləndirərək Pakistan, Çin və Hindistanla da geniş əməkdaşlıq müqavilələri bağlamaq barədə düşünməliyik: “İran və Əfqanıstanla da xüsusi şərtlərlə ciddi müqavilələr imzalanmalıdır. Yerləşdiyimiz coğrafi məkan və tarixi şərait bizi daha çevik və orta mövqedə dayanan siyasət yürütməyə sövq edir. Tam olaraq avropalı deyilik, Şərqin həyat tərzinə də uyğun gəlmirik.

Daha doğrusu, tam olaraq bir istiqamətə inteqrasiyamız mümkün deyil. Ona görə də Avropanın insan haqları və demokratik dəyərlərini, eləcə də türk  ailə münasibətlərini qoruyub saxlamaqla tarazlığı təmin etməyə çalışmalıyıq”.