“Ayda 300 mindən 150 minə düşüb”
“Vətəndaşlar alternativsiz qalıb, nəticə isə göz qabağındadır”
Azərbaycandan xarici ölkələrə gedənlərin sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin yanvar ayı ilə müqayisədə 1,4 faiz azalaraq 151,9 min nəfər olub
Bildirilib ki, vətəndaşların 35,8 faizi Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2 faiz az), 9,8 faizi Gürcüstana (17,6 faiz az), 26,3 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib. Yalnız Rusiya və İrana gedən vətəndaşların sayı azalmayıb.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, xaricə gedənlərin sayının azalmasının əsas səbəblərindən biri, şübhəsiz ki, quru sərhədlərinin bağlı qalmasıdır:
"Quru sərhədləri bağlı olduğu üçün vətəndaşlar yalnız hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar ki, bu da biletlərin qiymətini artırır və səfərlərin sayına birbaşa təsir göstərir.
2019-cu illə müqayisə etdikdə azalma aydın şəkildə görünür. Həmin dövrdə ay ərzində ən azı 250–300 min nəfər xaricə səfər edirdisə, hazırda bu göstərici təxminən 150 min nəfər civarındadır. Yəni faktiki olaraq iki dəfəyə yaxın azalma müşahidə olunur və bu da böyük ehtimalla quru sərhədlərinin bağlı qalması ilə əlaqədardır".