“Bu faciəli hadisə bir daha göstərir ki, avtobus dayanacaqlarında təhlükəsizlik infrastrukturunun rolu həyati əhəmiyyət daşıyır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Ramana qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin səbəbləri barədə danışarkən dedi. 
Xatırladaq ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Yeni Ramana” yolunda 214 saylı avtubusdan dayanacaqda enən yaşlı sərnişini arxadan gələn və sağdan ötmə edən başqa bir 214 saylı “Daewoo” markalı avtobus vurub. Nəticədə yaşlı qadın hadisə yerində ölüb. 
R.Ağamirzəyev bildirdi ki, bir neçə il əvvəl Bakıdakı 20 nömrəli məktəbin qarşısında da oxşar hadisə baş vermişdi:
- Hər iki hadisənin ortaq cəhəti ondan ibarətdir ki, sərnişin avtobusdan endikdən sonra digər nəqliyyat vasitəsinin hərəkət trayektoriyasına düşüb. Məhz buna görə müasir şəhərlərdə avtobus dayanacaqlarında "anti cib" (bus bulb) həlləri geniş tətbiq olunur. Anti-ciblər dayanacaq sahəsini fiziki olaraq parklanma zolağından və digər hərəkət hissələrindən ayırır, avtobusun birbaşa hərəkət zolağında dayanmasını təmin edir və sərnişinlərin minmə-düşmə zonasını qoruyur. Bu həll nəqliyyat vasitələrinin dayanacaq sahəsinə daxil olmasını faktiki olaraq mümkünsüz edir və oxşar qəzaların qarşısının alınmasında mühüm rol oynayır.

Təhlükəsiz nəqliyyat sistemi yalnız sürücülərin məsuliyyətindən deyil, həm də düzgün layihələndirilmiş küçə və dayanacaq infrastrukturundan başlayır. Ramanada baş verən bu faciə dayanacaq təhlükəsizliyi standartlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini bir daha gündəmə gətirir.