Rus sülhməramlılarının indi Qarabağda qalması faydalıdır
Çünki onlar da müşahidə aparır və görürlər ki, heç kim erməni sakinlərini zorla qovmur
“2025-ci ildə isə Azərbaycan hökuməti sülhməramlıların Azərbaycan ərazisini tərk etməsini mütləq təmin etməlidir”
Rusiya sülhməramlı kontingenti Qarabağ bölgəsinin Ağdərə, Əsgəran və Şuşa rayonlarında keçmiş qoşunların təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında əks olunub. Lakin nazirlik bildirib ki, sülhməramlılar təhlükəsizliyin və dinc əhaliyə münasibətdə humanitar hüququn təminatı üçün regionda vəzifələrinin icrasını davam etdirirlər. Məlumatda deyilib ki, Qarabağdakı hərbi birləşmələrdən alınmış silahların, hərbi texnikanın hesablanması da davam etdirilir: "Bu silahların saxlandığı anbarlara Rusiya və Azərbaycan hərbçilərinin birgə patrulu keşik çəkir".
AĞ Partiya sədri Tural Abbaslı deyib ki, sülhməramlılar daim separatçı rejimə dəstək veriblər, separatçı rejimin yaşaması, ordusunun formalaşması üçün əllərindən gələni ediblər. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycanda münaqişə ocağının yaşaması və Rusiyanın regionda təsirinin qalması üçün hər şeyi ediblər:
"Amma aniterror əməliyyatından və ermənilərin oradan könüllü şəkildə köçməsindən sonra rusların burada təxribat törətməsi üçün şərait qalmır. Nikol Paşinyanın Rusiya ilə münasibətini və Rusiya-Ermənistan münasibətlərini də nəzərə alsaq, bunun mümkün olmadığını düşünürəm. Ona görə də əvvəlki sülhməramlılarla indikilər arasında fərq qoymaq lazımdır. 2025-ci ildən sonra sülhməramlıların vaxtını uzatmağa ehtiyac qalmayacaq. Amma indi dünya üzərimizə gəlir ki, guya biz oradan kimlərisə zorla "köçürdürük, qaçırdırıq". Belə məqamda bir müddət rus sülhməramlılarının qalması bəlkə faydalıdır. Çünki onlar da müşahidə aparır və görürlər ki, heç kim erməni sakinlərini zorla qovmur. Bu, bizə beynəlxalq səviyyədə əlavə dividend gətirə bilər. Yaxud əlavə arqument kimi istifadə edə bilərik. Amma sülhməramlıların 2025-ci ildən o tərəfə keçməsi yolverilməzdir. Azərbaycan hökuməti sülhməramlıların Azərbaycan ərazisini tərk etməsini mütləq təmin etməlidir".