Rusiya azərbaycanlıları deportasiya edəcək? - Hədələrə REAKSİYA


Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko anti-Azərbaycan bəyanatı ilə çıxış edib.
O, Azərbaycanın anti-Rusiya siyasəti yürüdəcəyi təqdirdə Ukraynanın aqibəti ilə üzləşəcəyini, heç kimin bu ölkəyə rəhmi gəlməyəcəyini deyib.
Bezpalko həmçinin Azərbaycanın Türkiyə ilə birlikdə Rusiyanı Qafqazdan sıxışdırmağa çalışdığını bildirib və Rusiyadakı azərbaycanlı iş adamlarına, eləcə də Azərbaycan diasporuna qarşı sərt addımlar atılmalı olduğunu bildirib. O, Azərbaycanı Rusiyada çalışan azərbaycanlıları deportasiya etməklə də hədələyib.
Bəs, Rusiya rəsmisini bu cür sərt çıxış etməyə, hədyanlar yağdırmağa vadar edən nədir? Boqdan Bezpalkonun hədə dolu bəyanatları Rusiya ilə Azərbaycan arasında hansı ziddiyyətlərdən qaynaqlanır?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Zərdüşt Əlizadə Boqdan Bezpalkonun xüsisi siyasi çəkisi olmadığını bildirib:

"Bezpalko heç kimdir. Onun dövrün siyasətinə təsir etmək imkanı yoxdur".
Politoloqun sözlərinə görə, Rusiyanın maraqları bizim üçün heç vaxt Azərbaycanın maraqlarından üstün ola bilməz:
“Bezpolko sadəcə, ictimai bir qurumun üzvüdür. Özünü siyasətşünas adlandırıb müsahibələr verir. Onun Rusiyadakı statusu mənim Azərbaycan cəmiyyətindəki statusumdan artıq deyil. Mən də çox şey deyə bilərəm. Bezpolkonun çıxışları bizim üçün təhdid ola bilməz".
Z.Əlizadə qeyd edib ki, Bezpolko Ukrayna üzrə mütəxəssisdir:
"Rusiyanın Ukrayna siyasəti isə dərin böhran içindədir. Düzdür, Ukrayna ciddi itkilərə məruz qalıb. Lakin Rusiyanın vəziyyəti də heç Ukraynadan yaxşı deyil. Kreml çıxılmaz vəziyyətdədir. Priqojinin qiyamı Rusiyanın dövlət siyasətinin dərin böhran içərisində olduğunu sübut edir. Əlbəttə ki, Azərbaycanda Rusiyanın maraqları var. Amma biz imkan verə bilmərik ki, 30 il ərzində olduğu kimi, yenə də Rusiya maraqlarını Azərbaycanın hesabına təmin etsin. Bunun üçün gücümüz, ordumuz və kifayət qədər güclü müttəfiqimiz var. Maliyyə baxımından da heç kəsdən asılı deyilik. Rusiya artıq öz siyasətində Azərbaycanla hesablaşmalıdır”.
Z.Əlizadə qeyd edib ki, Rusiya indiyə qədər olduğu kimi bundan sonra da Azərbaycanı özündən asılı vəziyyətdə saxlamağa ümid etməməlidir:
“Rusiya bizim üçün təhdid deyil. Həmçinin, biz Rusiyanın obyektiv maraqlarına ziyan vurmuruq. Bezpalko deyir ki, Rusiya Ukraynaya etdiyini bizə də edəcək. Hələ bilinmir, Ukraynaya nə edəcək və ya Rusiyaya nə olacaq. Bu müharibədə Rusiyanın itkiləri Ukraynanın itkilərindən daha çox ola bilər. Təsadüf deyil ki, bir çox siyasətşünaslar Rusiyanın süqut və dağılmaq ərəfəsində olduğunu deyirlər. Azərbaycan Laçın dəhlizi məsələsində suveren dövlət kimi öz mövqeyini bildirib. Artıq nəzarət-buraxılış məntəqəmizi qurmuşuq. Bir qədər sonra qanunsuz erməni birləşmələri də Azərbaycanı tərk edəcək. Beləliklə, Azərbaycan Qarabağ münaqişəsinin son mərhələsinə qədəm qoyacaq”.
Politoloq bildirib ki, əgər Rusiya etnik əsasda azərbaycanlılara qarşı hansısa təzyiq göstərsə, bu, birinci növbədə onun özünə ziyan vuracaq:
“Bezpolkonun hədələri Rusiyaya ancaq zərər verə bilər. Ordakı azərbaycanlılar Rusiya büdcəsindən sədəqə dilənmirlər. Onlar Rusiya cəmiyyətində, iqtisadiyyatında hansısa funksiyanı yerinə yetirir, pul qazanır və vergi ödəyirlər. Məhsuldar dövrdə ən inqilabi amil işçi qüvvəsidir. Həmin işçi qüvvəsi gəlib Azərbaycanda da işləyər”.